4 günlük iş həftəsi bizdə də tətbiq oluna bilərmi?

İQTİSADİYYAT
18:54 / 26.04.2023
724

Bir neçə gündür "Qazaxıstan 4 günlük iş həftəsinə keçir" mövzusu gündəmə düşüb. Azərbaycanlılar eyni hal bizdə də mümkündürmü sualını verirlər.  Doğrudanmı qazaxlar ən müasir Avropa standartları ilə yaşamağa başlayıblar?

HİT.az bu sualla iqtisadçı Eldəniz Əmirliyə müraciət edib.

"Qazaxıstan 4 günlük iş həftəsinə keçir" ifadəsi doğru deyil. Çünki həqiqət başqadır. Məntiqim mənə deyir ki, Qazaxstanda əmək məhsuldarlığı o qədər yuxarı deyil həftədə 40 saatda görülən işi 32 saatda yerinə yetirib, 4 günlük iş həftəsinə keçsin. Məsələn, Belçika, Avropa Biriliyində 2022-ci ilin noyabrında başlayaraq, işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə olub. Amma hazırda Belçikada işçilərin yalnız 0,73 faizi həftədə 4 gün işləyir. İşçi sayı 1000-dən az olan yerlərdə isə bu daha çətindir. 38 saatlıq iş həftəsi olan Belçikada bu hələ də mümkün olmursa, bəs əksər ölkələr kimi 40 saatlıq iş həftəsi olan Qazaxıstanda 4 günə necə keçirlər? 

Buna görə də əslində hansı dəyişikliyin olduğunu dəqiq bilmək üçün Qazaxıstanın Əmək Məcəlləsini tapıb, ordan oxumaq istədim. Deməli, əslində Qazaxıstan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinə belə bir məzmunda əlavə edilib: “Tərəflərin razılığı ilə Əmək Müqaviləsi beş günlük və ya altı günlük iş həftəsi ilə əvəzlənmək hüququ ilə dördgünlük iş həftəsi təyin etməyə imkan verir”. 

Bundan əlavə olaraq, həmin Əmək Məcəlləsinin 78-ci maddəsində iş vaxtından artıq işlərin ayda 12 saatdan çox olmaması tələb kimi qoyulur. 

Məcəllədə bir çox yeni müddəalar öz əksini tapıb. Hamısını yazıb statusu kitaba çevirmək istəmirəm. Amma "4 günlük həftəsi" məsələsinin ən sadə izahı belədir ki, işçi bir ayda elə həftə olar ki 4 gün, elə həftə olar ki, 5 gün, elə həftə də olar ki, 6 gün işləyə bilər. Yəni, Əmək Məcəlləsindəki “uçot müddəti” deyilən bir anlayış var. Buna uyğun olaraq, hansı həftədə 4 gün, hansında 6 gün olmasını işəgötürən və işçi razılaşaraq, qərar verə bilər.

Yəni, işçi əvvəl bir ayda 40 kamaz daş daşıyırdısa, yenə də 40 kamaz daş daşıyacaq. Sadəcə indi ona işəgötürən icazə versə, cümə günü daşıdığın daşı həftənin ilk 4 günü işdən sonra dayanıb daşıya bilər, amma işdən sonra aylıq 12 saatdan çox dayanmaq olmaz. Ya da birinci həftənin cümə günü evdə dayanmaq istəsə, amma bunun əvəzində ikinci həftənin şənbə günü işləyəcək”.

Murad Məmmədli

0