Hitlerə görə boşanan, dəlixanada ölən məşhur “Bibi”

MƏDƏNİYYƏT
20:14 / 29.04.2023
1196

Bizim tamaşaçılar onu "Bəxtiyar" filmində Saşanın bibisi kimi xatırlayırlar. Bu qadın 60 yaşından sonra şöhrətə nail olmuş azsaylı aktyorlardan biridir. Söhbət SSRİ Xalq artisti, çoxlu sayda nüfuzlu mükafatların sahibi, aktrisa Tatyana Peltserdən gedir.

Tatyananın məşhur aktrisa olmasını atası arzu edib. Atası İvan Romanoviç Peltser dövrünün məşhur teatr aktyorlarından idi. Tatyana 1904-cü ilin may ayında Moskvada doğulmuşdu. İlk rolunu 9 yaşında oynayan qız aktrisa olmağa can atsa da, ona “istedadın yoxdur” deyib işə götürmürdülər. Hətta, aktrisa kimi ali təhsilini də bu səbəblə yarımçıq qoymalı olmuşdu. İnstitutdan xaric edilmişdi. Amma çox sonralar ona Stalin mükafatı veriləcək, ölkənin ən yaxşı aktrisası adını alacaqdı. Bunun üçünsə görünür, qocalmaq lazım imiş.

 O, düz 40 il “ZİS” maşınqayırma zavodunda maşinist işləyib. Bununla belə xalq teatrlarına gedir, tamaşalarda oynayırdı. Rejissorlar onun simasında qayğıkeş ana, nənə rollarını oynayan aktrisa tapmışdılar. 

Şöhrətə isə 60 yaşından sonra çatıb. Özünü xoşbəxt qarı adlandırırdı. Çünki heç kim onun kimi xeyirxah qayğıkeş ana obrazı yarada bilmirdi. Əslində arzu eləsə də, nə ana ola bildi, nə də nənəlik duyğusunu daddı.

Tatyana gəncliyində Moskvada Hans adlı bir almanla ailə qurub, onunla birlikdə Berlinə köçmüşdü. Lakin xaricdə yaşamaq ona cazibədar görünməmiş, 1930-cu ildə boşanaraq geri gəlmişdi. Səbəb Hitler olmuşdu. Tatyana kommnunist idi. Almaniyada aktiv və varlı həyat sürən qız bir dəfə Hitlerin iclaslarından birində olur. Faşizm meyilləri ona qorxulu görünür və ölkəsinə qayıtmağa qərar verir. Rusiyaya qayıdandan sonra Almaniyada Hitler adlı dəli bir gəncin bütün cavanların başını xarab etməsindən danışarmış. Nə biləydi ki, az müddət sonra Hitler dünyanın ən məşhur insanlarından birinə çevriləcək. Ortaya Böyük Vətən müharibəsi düşsə də, Tatyana alman əri Hansla yaxşı münasibətlərini bütün ömrü boyu qoruyub saxlamışdı.

Tatyana Peltser 1980-ci illərdə yaddaşını itirməyə başlayır. Bundan əlavə onda maniya və hər kəsdən şübhələnmək kimi psixoloji problemlər yaranır. 1990-1992-ci illəri psixoloji dispanserdə keçirir. 1992-ci ildə xəstəxanada yıxılıb çanaq sümüyünü sındırır. 89 yaşlı aktrisa həmin il pnevmoniya və infarkt da keçirir, bir daha yataqdan qalxa bilmir.

Ölməzdən öncə Moskvadakı 2 otaqlı evini xəstə yatağında ona baxan qulluqçu qadına vəsiyyət edir.

0