Partiya sədri: "Adi fəhlə, kəndçi mənim yazdığımı dərk edə bilməz"

ÖLKƏ
10:41 / 01.05.2023
443

“Bu gün Azərbaycanın içində əsl ziyalı yoxdur, mən bunu görmədim”.

Bunu HİT.az-a açıqlamasında Qorqud Partiyasının sədri Firudin Kərimov deyib. Onun sözlərinə görə, ziyalı sözünü, ürəyində olanı, həqiqəti, düşündüyünü deməli və cəmiyyətdə baş verən proseslərin önündə olmalıdır:

“2-3 nəfəri çıxmaq şərti ilə ziyalı görmədim. Çünki onlara həqiqət lazım deyil. Bu günkü ziyalılara ancaq öz mənfəəti lazımdır. Ona görə də onlar mənim yazdıqlarıma cavab vermədi. Nə qədər yazdım, yeri gəldi tənqid etdim, amma faydası olmadı”. 

Partiyasını bağlamaq istəyən Firudin Kərimov sözünü nə vaxtsa deyəcəyini vurğulayıb:

“Həqiqət onsuz üzə çıxacaq. Azərbaycan həqiqətləri bütün dünyaya yayılacaq. Mən ziyalılarla işləyə bilmədim. Yazdıqlarımı, düşüncələrimi ancaq ziyalılar dərk edə bilərdi. Adi fəhlə, kəndçi mənim yazdığımı dərk edə bilməz”.

Sədr Qorqud Partiyasının xüsusi missiya ilə yarandığını önə çəkib:

“Biz keçmişi, tarixi insanlara başa salmaq istəyirdik. Azərbaycan adi bir ölkə deyil, pirlər, seyidlərlə, dünyanın ilk insanları ilə bağlı olan ölkədir. Bu həm də bəylər nəslinin ölkəsidir. Biz istəyirdik ki, insanlara nəyisə başa salaq, onların qeyrət damarına toxunaq. Başa salaq ki, siz adi insan deyilsiniz. Bu dünyada cəmi iki növ insan yaranıb, pirlər nəsili və adi insanlar. Siz pirlər nəsilinə mənsubsunuz. Bunların missiyası qədimdə bütün dünyaya ağalıq etmək olub. Mən bunu yazılarımla bütün dünyaya sübut eləmək istədim. Amma Azərbaycan ziyalısı məni anlamadı”.

Azra

0