Hələlik Amerika Birləşmiş Ştatları Kremlə iddia edilən hücumun arxasında Ukraynanın olduğuna dair heç bir əlamət görmür.
HİT.az xəbər verir ki, bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner CNN-ə açıqlamasında deyib.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə qapalı görüşdən sonra o qeyd edib ki, hadisənin səbəbləri barədə əminliklə danışmaq hələ tezdir: “Bizim hələ çox az məlumatımız var... Ən azından indiki məqamda mənbənin ukraynalılar olduğuna dair heç bir işarə yoxdur".
Xatırladaq ki, mayın 3-nə keçən gecə naməlum pilotsuz təyyarələr Kremlə hücum edib. Rusiya dərhal Ukraynanı hücuma görə günahlandıraraq, bunu “planlaşdırılmış terror aksiyası” və “Putinə qarşı sui-qəsd cəhdi” adlandırıb.
Prezident Volodimir Zelenski deyib ki, Ukrayna öz əraziləri uğrunda mübarizə aparır, xarici ərazilərə hücum etmir. Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, hücum yerli müqavimət qüvvələrinin işi ola bilərdi.
Bundan sonra Kreml hücumda ABŞ-ın əli olduğunu bildirib. Ağ Ev bu ittihamları gülünc adlandırıb.
"Sky News" xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu hücumu Moskvanın təşkil etdiyi hesab edir.
Samir