Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqtondakı müzakirələri başa çatıb.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 3 gün danışıqlar aparıldı.
Görüşlərin ardından açıqlama verən Blinken, sülh sazişinin əl çatan məsafədə olduğunu vurğulayıb:
"İntensiv və konstruktiv ikitərəfli və üçtərəfli danışıqlar silsiləsindən sonra tərəflər çətin məsələlərlə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Hər iki tərəf münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında uzun müddətdir davam edən münaqişəyə son qoyulmasına səmimi sadiqlik nümayiş etdirib”.
Maraqlıdır, bundan sonra nələr baş verəcək? Tərəflər arasında sülh müqaviləsinin imzalanması realdır?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bildirib ki, hər kəs sülh müqaviləsindən danışır, amma razılaşdırılmayan məsələlər var:
"Üç günlük görüşün sonunda bir neçə fundamental məsələ üzrə razılıq əldə olundu, amma açıq qalan məsələlər var. Bu baxımdan, Nikol Paşinyanın da iyulun 1-də sülh müqaviləsinin imzalana biləcəyini açıqlamasında Azərbaycanı sülhə məcburetmək kimi bir anlayış dayanırdı. Lakin Azərbaycan Vaşinqtonda 5 baza prinsipini bir daha təkrarladı. Ermənistan isə 3 nüans üzərində təkidlə dayandı. Bunun biri Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqları məsələsi, ikincisi isə proseslərdə ATƏT-in Minsk qrupuna rol verilməsidir. Üçüncüsü də Qarabağ bölgəsində beynəlxalq müşahidəçilərin yerləşdirilməsidir. Təbii ki, Azərbaycan bunları qəbul etməyəcək. Ona görə də Vaşinqton görüşünü yalnız sülh müqaviləsinin imzalanmasına gedən yol kimi uğurlu hesab etmək olar. Lakin bu üç günün sonunda sülh sazişinin yekun mətni ilə bağlı razılıq əldə olunmadı. Buna görə də diplomatik olaraq Moskva manevr etmək imkanı əldə etdi. Hesab edirəm ki, indi də Moskva raundu işə düşəcək".
Politoloq qeyd edib ki, Azərbaycan artıq müharibə ritorikasını çox gücləndirib:
"İndiki vəziyyət Azərbaycanın hərbi-strateji planlarını reallaşdırmaq üçün tam uyğundur. Sülh sazişinin olub-olmayacağı isə hələlik bəlli deyil. Düşünürəm ki, bundan sonra Qarabağda antiterror əməliyyatı və Zəngəzur dəhlizinə yönəlik sülhə məcburetmə əməliyyatı ola bilər. Həmçinin, Ermənistanda olan 8 kəndimizə doğru da əməliyyat keçirə bilərik. Çünki ideal şərait dərhal Ermənistanı güzəştə doğru aparmalıdır. Amma biz Ermənistanın Azərbaycan silaha əl atmadan sülhə razılıq verib-verməyəcəyini indidən deyə bilmərik".
Pərviz