Çin və İsveçrə arasında gərginlik - Pekin etiraz etdi

DÜNYA
16:20 / 08.05.2023
545

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Pekin Bernin Taypey ilə əlaqələrini gücləndirdiyinə görə İsveçrəyə sərt etiraz edib. 

HİT.az "RİA Novosti"yə istinadən xəbər verir ki, XİN rəsmisi bu barədə bazar ertəsi keçirdiyi brifinqdə danışıb.

"Biz İsveçrə tərəfinin Tayvanla bağlı səhv hərəkətləri və bəyanatlarına görə kəskin narazılığımızı və etirazımızı bildiririk", deyə Vanq Venbin bildirib.

O, İsveçrənin Çini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu və o vaxtdan bəri ikitərəfli münasibətlərdə “bir Çin” prinsipinin əsas olduğunu qeyd edib:

“Biz İsveçrəni “Vahid Çin” prinsipinə riayət etmək, Tayvandakı separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmaq və Tayvanın müstəqilliyi ilə bağlı hər hansı bir hərəkətə göz yummamaq və ya dəstəkləməmək üzrə siyasi öhdəliyinə əməl etməyə çağırırıq”, deyə Vanq əlavə edib.

Qeyd edək ki, bundan əvvəl isveçrəli deputatlar “Vahid Çin” prinsipini şübhə altına almadıqlarını əsas gətirərək Tayvan parlamenti ilə əməkdaşlığı gücləndirməyə səs vermişdilər.

Samir

0