Türkiyədəki seçkilərdə favorit kimdir?

DÜNYA
20:09 / 08.05.2023
607

Bu həftə Türkiyədə seçkilər keçiriləcək.

14 may qardaş ölkə üçün tarixi əhəmiyyətə malikdir. Çünki həmin tarixdə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.

Prezidentlik uğrunda "Cümhur İttifaqı"nın namizədi, mövcud dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə və "ATA İttifaqı"nın namizədi Sinan Oğan mübarizə aparacaq.

Əsas mübarizənin isə Ərdoğan və Kılıçdaroğlu arasında keçəcəyi aydındır.

Pezident seçkilərində əsas favorit kimdir?

Əslində, Türkiyədə son illərdə kəskin inflyasiyanın yaşanması və vətəndaşların maddi cəhətdən çətinlik çəkməsi mövcud iqtidar üçün ən böyük dezavantaj olaraq göstərilir. Müxalifət də bundan seçki ərəfəsində maksimum istifadə etməyə çalışır. Buna rəğmən, xüsusilə hərbi sahədəki uğurların hər keçən gün artması və son zamanlarda təqdim olunan sosial layihələrin seçkiyə təsirsiz ötüşməyəcəyi aydındır. Həmçinin, Ərdoğanın özünün şəxsi nüfuzunun da bu seçkidə ona böyük üstünlük gətirməsi gözlənilir. Lakin analtiklər hazırda onun qarşısında son 20 ilin ən güclü müxalifətinin olduğunu deyirlər.

Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Demokratiya və Sıçrayış Partiyası (DEVA), Gələcək Partiyası, Səadət Partiyası və Demokrat Partiyası koalisiyasından ibarət "altılı masa"nın kifayət qədər güclü olduğu anketlerdə də özünü göstərir. Üstəlik, kürdlərin Xalqların Demokratik Partiyasının (HDP) da sözügedən ittifaqa açıq şəkildə dəstək verməsini gözardı etmək olmaz.

Bir məqamı da qeyd etmək lazımdır ki, CHP sədri Kamal Kılıçdaroğlu, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və İYİ Partiyanın sədri Meral Akşener kimi xalq arasında yüksək reytinqə sahib insanların eyni hədəf üçün çalışması da əlavə gücdür.

Ancaq bütün sadalananlara baxmayaraq, Kamal Kılıçdaroğlunun fərd olaraq bütün ölkə tərəfindən sevilmədiyi və hətta Rəcəb Tayyib Ərdoğanı məğlub edəcək gücdə olmadığını deyənlərin də sayı olduqca çoxdur.

Hazırda bəzi rəy sorğularında Ərdoğan, bəzilərində isə Kılıçdaroğlu öndə çıxır. Reallıq budur ki, tərəflər arasındakı xal fərqi həqiqətən çox azdır. Ona görə də seçkidə kiminsə çox böyük fərqlə qalib gəlməsi gözlənilmir. Hətta buna görə seçkinin ikinci tura qalma ehtimalı da mövcuddur. Çünki bir çox anketdə heç bir namizədin lazım olan 50 faiz həddini keçə bilmədiyi görünür. Digər namizədlərin müəyyən qədər səsləri bölməsinin buna səbəb olduğu deyilir.

Əlbəttə ki, burada daha çox ön plana çıxan Mühərrəm İncədir. Məhz bu səbəbdən də müxalifət nümayəndələri hər fürsətdə ondan namizədlikdən çəkilməsini tələb edirlər. Amma qarşı tərəf mübarizəsini sona qədər aparmaqda qərarlı olduğunu elan edir. Konkret olaraq qələbəyə hansı namizədin daha yaxın olduğuna gəlincə isə şübhəsiz ki, Rəcəb Tayyib Ərdoğan bir addım öndə görünür. Onun birinci, ən pis halda ikinci turda seçilməsi sürpriz sayılmayacaq. Amma Kamal Kılıçdaroğlunun seçilməsi gözlənilməz ola bilər.

Bəs parlament seçkilərində hansı ittifaq öndədir?

Prezidentlik uğrunda mübarizə ilə yanaşı, parlamentdə üstünlüyə sahib olmaq da olduqca vacib məsələdir. Çünki bu, qərarların qəbulu zamanı səs çoxluğuna sahib ittifaqa böyük avantaj gətirəcək. Sırf bu səbəbdən də hər iki koalisiyası da parlament uğrunda gərgin mübarizə aparırlar. Bu cəhətdən hansı ittifaqın öndə olduğuna gəldikdə isə üstünlüyün iqtidar tərəfdə olduğu diqqət çəkir. Həm iqtidarın, həm müxalifətin, həm də müstəqil şirkətlər tərəfindən keçirilən rəy sorğularında parlament seçkiləri üçün "Cümhur İttifaqı"nın reytinqin açıq fərqlə yüksək olduğu nəzərə çarpır. Bu səbəbdən də 14 mayda Ərdoğanın həm prezident, həm də parlament seçkilərində qələbə qazanması gözlənilir.

Pərviz

0