9 may-faşizm üzərində qələbədən 78 il ötür
Mən İkinci Dünya müharibəsindən (1941-1945) çox illər sonra dünyaya gəlmişəm. Lakin buna baxmayaraq, müharibənin ağrı-acısı, törətdiyi çətinliklər mənim uşaqlığıma qədər gəlib çıxmışdı. Çünki Azərbaycanda elə bir ailə tapılmazdı ki,onun ən azı bir fərdi İkinci Dünya Müharibəsinin iştirakçısı olmasın.Yüzlərlə, minlərlə həmvətənimiz, Azərbaycanın mərd övladları İkinci Dünya müharibəsində canından-qanından keçib. Vətənimizin hüdudlarından çox-çox uzaqlarda Azərbaycandan olan diviziyalar,azərbaycanlı döyüşçülər hünəri,mərdliyi ilə tarix yazıb.Kimisi ön, kimisi də arxa cəbhədə qəhrəmancasına vuruşub.
Mənim atam Əliyusif Nəcəfov da Qələbəyə yəni 1945-ci ilin 9 mayına qədər ön cəbhədə vuruşanlardan olub.Müharibənin gedişatında çox əziyyətlər çəkib, ayağından yaralanıb.Uşaqlığımda atamın müharibə xatirələrini çox dinləmişəm. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında azərbaycanlıların böyük əməyi olub. 1941-1945-ci illərdə müharibəyə 600 min Azərbaycan vətəndaşı yollanıb. Onlardan 300 mindən çoxu qəhrəmancasına həlak olub. Döyüşlərdə göstərdiyi misilsiz şücaətə görə 43 azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı verilib. 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Gəray Əsədov, Məlik Məhərrəmov, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları misilsiz şücaətlərinə, igidliklərinə görə adlarını həm xalqımızın həm də İkinci Dünya müharibəsinin tarixinə qızıl hərflərlə yazıblar.
Onlar haqqında çoxlu şeirlər, kitablar yazılıb, bədii və sənədli filmlər çəkilib, şərəflərinə abidələr ucaldılıb, adları əbədiləşdirilib. Rəşadəti dillər əzbəri olan Azərbaycanın bu qəhrəman övladları bugünki və gələcək nəsillər üçün daim örnək olaraq qalacaqlar. Qələbənin təmin olunmasında həmvətənlərimiz ilə yanaşı Bakı nefti də mühüm rol oynayıb. Qısa müddət ərzində Bakı, döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb.Neftçilərin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib.1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdıki, bu da SSRİ- üzrə hasil olunan neftin 71,4 faizinə bərabər idi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərib. Hər beş təyyarədən, tankdan, avtomobildən dördü məhz Bakıdan göndərilən yanacaqla işləyib.
Mənim həmyaşıdlarım yaxşı xatırlayar. Bizim məktəbli olduğumuz dövrlərdə, gənclik illərimizdə televiziyada tez-tez, İkinci Dünya müharibəsinin dəhşətini əks etdirən, həm bədii həm də sənədli filmlər göstərilirdi, hamısını da çox böyük maraqla izləyərdik. Hətta özümüzü filmdə göstərilən qəhramanlara da bənzədərdik. Onlar kimi cəsur, düşmənə boyun əyməyən, zülmə göz yummayan biri olmağı arzulayardıq. Yuxularımızda faşizmə qarşı döyüşər, qalib gələrdik... Biz müharibəni filmlərdə görmüşdük... Amma zaman elə gətirdi ki, müharibəni canlı olaraq da yaşadıq, özü də təklənərək...
İllərlə Azərbaycanın çörəyini yeyən, suyunu içən, havasını udan, yaxın qonşu saydıqlarımız analarımızın gözünü yaşlı qoydu. 30 ilə yaxın anaların göz yaşı ümmana döndü, oğul deyən dillər qabar bağladı, qəlbləri qübardan partladı. İnamımızın tükəndiyi vaxtda Ali Baş komandan Prezident İlham Əliyevin başçılığı ilə xalqımız yenidən silkələnib qalxdı. 44 günlük müharibədə itirdiyimiz əbədi-əzəli torpaqlarımız geri alındı, şanlı, üçrəngli Zəfər bayrağımız əsarətdən azad olunan Şuşaya – Qarabağa sancıldı.Qəhrəman babaların qəhrəman nəvələri sübut etdi ki, Azərbaycan analarının yetişdirdiyi oğullar bütün dövrlərdə mərdlik,əsl kişilik nümunəsi olub. Bundan sonra da dəmir yumruğumuz mənfur düşmənin başını əzmək üçün hər zaman bükülü qalacaq,müzəffər ordumuz isə həmişə Qalib gələcək!
Zəminə Abdulzadə
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin ingilis dili müəllimi