“Aynurənin əlindən bıçağı alıb, özünə vurdum” - Şəkmirdə arvadını öldürən şəxs

HADİSƏ
15:57 / 12.05.2023
668

Şəmkir rayonunun Könüllü kəndi ərazisində ötən ilin dekabr ayının 7-də 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 1989-cu il təvəllüdlü Aynurə Orucovanı öldürməsi barədə məhkəmə işi yekunlaşıb. 

HİT.az-ın məlumatına görə, xalası qızı Aynurə Orucova ilə 14 il əvvəl ailə quran və 3 uşaq atası olan Mahiyyəddin Atakişiyev xanımını öldürməsinə səbəb kimi onu və ailəsini saymamasını göstərib.

Aynurənin onun anası Sürəyya ilə münasibətləri yaxşı olmayıb. Valideynləri də onların işlərinə müdaxilə etməyiblər. Hətta aralarında münaqişə olmasın deyə valideyinləri ilə bir həyətdə yaşasalar da, evdə mətbəxə qədər hər şey ayrı olub. Lakin, bununla belə atası və anası maddi cəhətdən onlara lazımi köməkliyi göstərib. 

Mahiyyəddin Atakişiyev hadisə olan gün, yəni 7 dekabr 2022-ci il tarixdə, saat təxminən 12:30-da kənddə yerləşən çayxanadan evlərinə gəlib. Evə gəlməzdən əvvəl qayınanası Rəfiqə ona zəng edərək, “Sizin evinizdən gəlirəm, Aynurənin böyrəkləri ağıyır, yerdə yata bilmir, valideyn olaraq bizdən kömək istədi, sən usta tap, otağın “deespe” hissəsini geri çək, otaq genişlənsin, qızım yerdə yatmasın, çarpayı əlavə edək, orda yatsın, ustaya çəkilən xərci özümüz ödəyəcəyik”, deyə bildirib. O, xalası Rəfiqəyə yaz qabağı bu işləri görə biləcəyini və atası ilə məsləhət etdikdən sonra qərar verəcəyini deyib. 

Aynurənin anasının onların işinə qarışması yenidən cütlüklər arasında söz-söhbətə səbəb olub. Mahiyyəddin evinə getdikdən sonra tövlənin qarşısında Aynurəyə bununla bağlı anası ilə müzakirə apardığı üçün iradını bildirib və söyüb. 

Aynurə ona cavab qaytarmayıb, heç bir öz etirazını da bildirməyib. Bu, onu daha da qıcıqlandırıb. Bundan sonra, Aynurə otağa tərəf gedib və yataq otağının qapısını bərk çırpıb. Qapının bərk çırpasından da qəzəblənən Mahiyyəddin əsəbi halda Aynurənin sağ əlindən tutaraq anası Sürəyyanın yatdığı otağa aparıb və sol yanağını qapıya tərəf itələyib. Bu zaman qəzəblənən Aynurə otaqdakı stolun üstündəki bıçağı götürərək ona tərəf hərəkət edib. Qadın “Bəsdir, məni cana doydurmusan” deyə qışqırıb. Mahiyyəddin Aynurənin əlindən bıçağı alaraq döş qəfəsinə iki zərbə burub. Hadisə onun anasının gözü qarşısında baş verib. 

Mahiyyəddin daha sonra atası Hidayətlə birlikdə Aynurəni Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanaya çatan zaman Aynurə artıq ölüb. Bundan sonra o, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 

Mahəddin əvvəlcə hüquq-mühafizə orqanlarına və mərhumun valideyinlərinə yalan danışaraq, Aynurənin guya kartof soyan zaman yıxılaraq bıçağın ürəyinə batdığını deyib. Daha sonra istintaq zamanı Mahiyyəddinin onu öldürməsi məlum olub. 

Məhkəmənin qərarı ilə Mahiyyəddin Atakişiyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib və 11 il müddətinə azadlıqdan məhrum olunub.

Aydın

0