Biz onu “Brilliant əl”, “12 stul” kimi bir sıra maraqlı filmlərdən yaxşı tanıyırıq. Uşaqlığımız onun “Nu poqodi” (“Bir dayan”) cizgi filmində eşitdiyimiz koloritli səsi altında keçib. Söhbət böyük aktyor Anatoli Papanovdan gedir.
Anatoli Rusiyanın Smolensk şəhərində hərbiçi ailəsində doğulmuşdu. Anası polyak qızı idi, incəsənətə böyük meyli olan qadın evdə tez – tez tamaşalar hazırlayardı və balaca Anatolidə sənətə meyl yaratmışdı.
Ailə Moskvaya köçüb gələndə gənc Anatoli dəmir sexində fəhlə kimi işə başlayır. Bir gün sexdən metal oğurlanır və onu oğurluqda ittiham edib həbs edirlər. 9 gün nəzarətdə saxlandıqdan sonra həqiqət üzə çıxır, evə buraxılan gənci atası da bir yandan döyür. Atası, “Sən özünə inam yaratsaydın, səni oğru hesab eləməzdilər” deyərək onu cəzalandırır.
Günah isə onun qəribə simasındaydı.
1941-ci ildə 19 yaşlı Anatolini birbaşa ön cəbhəyə aparırlar. Artilleriya bölüyünün komandiri kimi müharibədə iştirak edir. Döyüşlərin birində çox ağır yaralanır. Sağalanda eşidir ki, komandiri olduğu bölükdən bir tək o, sağ qalıb. Bu yara ona əlillik verir. Aktyorun sol əli işləmirdi və iki barmağı qopub düşmüşdü.
Müharibədən sonra Teatr İnstitutuna sənəd verir və qəbul olunur. Nitqini düzəltmək üçün xeyli zəhmət çəkməli olur. Amma sonralar çəkildiyi filmlərə məhz qeyri-adi səs tembri, danışığı və xuliqanı xatırladan simasına görə dəvət alırdı.
“Brilliant əl” filmində suya düşüb əsəblə “idiot” (gicbəsər) deyə bağırması improvizə idi. Bir neçə dubla çəkilərkən suda soyuqdan donan aktyor “idiot” deyə operatora bağırmışdı. Onun bu replikası rejissorun xoşuna gəlmiş, filmə daxil etmişdi.
Papanovun xanımı aktrisa Nadejda Karatayeva idi. Bu evlilikdən Yelena adlı bir qızları olmuşdu. Sonralar Yelena atası ilə birlikdə eyni teatrda işlədi.
Gəncliyində spirtli içkilərin aludəçisi olsa da, anası öldükdən sonra pis vərdişini tərgidir. “Nu poqodi” cizgi filmində səsləndirdiyi canavara nifrət edirdi və həmişə deyərmiş ki, bütün əziyyətini bu canavar yeyib.
“Ölülər və dirilər” filmindəki rolunun qəhrəmanı at sifətinə bənzər sifəti olan Serpilin idi. Bu filmdən sonra kino aləmində onun adı elə "Atsifət" olaraq qalmışdı və bu aktyorun xətrinə dəymirdi.
Filmlərə çəkildikdən sonra özünə o zaman üçün lüks sayılan “Volqa” maşını almışdı. Lakin teatra gedəndə avtomobilini bir neçə küçə uzaqda saxlayardı ki, aktyorlar onun lovğalandığını düşünməsinlər. Utancaq insan idi.
Hər kəs onu tərəf müqabili Andrey Mironovla dost olduğunu düşünsə də, onun Mironovdan xoşu gəlmirdi. Uzun illər sonra bir dəfə jurnalistlərə etiraf tmişdi ki, “şokolad içində doğulmuş” gənc, yaraşıqlı və istedadlı Mironovu qısqanıb.
Aktyor 1987-ci ildə 64 yaşında ölüb. Avqust ayında onun baş rolda oynadığı “53-cü ilin soyuq qışı” filminin çəkilişləri gedirdi. Ölüm səbəbi isə evində soyuq duş alarkən ürək tutması olub. Onun ölümündən 3 gün heç kim xəbər tutmamışdı. Həmin vaxt xanımı Riqada qastrol səfərində idi. Papanovun meyiti qızmar yay günlərində havasız vanna otağında qalıb iylənmişdi.