Türkiyədəki seçkilər: İkinci turda nə olacaq?

DÜNYA
10:49 / 15.05.2023
1048

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən seçkilər sürprizlə yekunlaşdı.

Belə ki, prezidentliyə namizədlərin heç biri 50 faiz səddini keçməyə nail olmadı. İlkin nəticələrə əsasən, "Cümhur İttifaqı"nın namizədi, mövcud Prezident Rəcəb Tayyib Ərdoğan 26 milyondan, "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu 24 milyondan çox, "ATA İttifaqı"nın namizədi Sinan Oğan isə təxminən 3 milyona yaxın səs topladı. 

Sandıqlar açıldıqca həyəcan davam edirdi, nəticələr də böyük səbirsizliklə gözlənilirdi. Həm hakim Ədalət və İnkişaf Partiyası (AKP), həm də Cümhuriyyət Xalq Partiyası (CHP) cəbhəsindən seçkiləri qazandıqlarına dair açıqlamalar verilir, fərqli nəticələr elan olunurdu. Buna baxmayaraq, Ali Seçki Şurasının (YSK) açıqladığı nəticələr gözləntiləri doğrultmadı. Hərçənd ki, seçkidən öncə anket şirkətləri tərəfindən fərqli proqnozlar verilirdi. Amma o proqnozlar elə ehtimal olaraq da qaldı. Hətta müxalifət mediası seçkilərdə böyük fərqlə qələbə qazanacağını da iddia edirdi.

Bütün bunlara baxmayaraq, qardaş ölkədəki seçkilərin necə demokratik keçirildiyini dünya gördü. Türk xalqı seçki demokratiyasına necə sahib çıxdığını hər kəsə göstərdi. Bəzi məqamlar da olduqca diqqət çəkdi. Həm Qərb mediası, həm də Türkiyədəki müxalifət cameəsi tərəfindən Rəcəb Tayyib Ərdoğanın reytinqin azaldığı və bunun seçkilərdə ciddi formada hiss olunacağı deyilirdi. Lakin sandıqda hər şey fərqli çıxdı. Ərdoğan 50 faiz həddini keçə bilməsə də, ən yaxın rəqibini 2,6 milyon səs fərqi ilə qabaqladı. Üstəlik, parlament seçkilərində də Ərdoğanın partiyası AKP-nin çox ciddi şəkildə üstün olduğu diqqət çəkdi. Nəticələrə əsasən, belə qənaətə gəlmək olar ki, Rəcəb Tayyib Ərdoğanın reytinqi zəifləməyib, inflyasiya və digər problemlərə rəğmən, xalq ona hələ də etimad edir. Bu isə ikinci turda da Ərdoğanı əsas favorit edir.

Bəs ikinci turda nə olacaq?

Bildiyiniz kimi, son anda bir sürpriz qeydə alınmasa, seçki ikinci tura qalacaq. İkinci tur isə 28 may tarixində keçiriləcək. Mübarizə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında keçəcək. Bu dəfə isə 50 faiz həddini keçmək tələb olunmayacaq. Yəni rəqibi qarşısında üstünlük əldə edən namizəd prezident seçiləcək. Bu isə iki faktora görə Ərdoğanın şansını artırır. Birincisi, Ərdoğan 28 mayda da dünənki qədər səs toplamağa nail olsa qələbə qazanacaq. İkincisi, Sinan Oğanın bundan sonrakı addımları həlledici olacaq. Nəzərə alaq ki, hər iki ittifaq da onun kimə dəstəyini açıqlamasının seçkiyə birbaşa təsir edəcəyini proqnozlaşdırır. Analtiklər hesab edirlər ki, Sinan Oğanı dəstəkləyənlərin yarısı belə Rəcəb Tayyib Ərdoğana səs versə, o, qələbə qazanacaq.

İndi isə YSK tərəfindən yekun nəticələrin elan olunması gözlənilir. Görünən odur ki, bütün suallara 28 may tarixində aydınlıq gələcək...

Pərviz

0