40 min il əvvəl nəsli kəsilən Neandertalın izləri müasir insanda tapıldı - Maraqlı araşdırma

MARAQLI
12:02 / 15.05.2023
917

Tədqiqatçılar, insanlardakı bir genin daha uzun burunla əlaqəli olduğunu müəyyən ediblər. Bu geni xüsusi edən isə onun müasir insanlarla yaxından qohum olan və nəsli kəsilmiş hominidlər qrupu Neandertallardan miras alınmasıdır.

HİT.az xəbər verir ki, Neandertalların (Homo Neanderthalensis) təxminən 40.000 il əvvəl nəsli kəsilib və bu, onları nəsli kəsilən son hominid növünə çevirib. Ancaq müəyyən mənada onlar hələ də burdadır, çünki bu gün insanların çoxu Neandertal DNT-sini daşıyır. Homo sapiens (yəni biz) və Neandertallar arasında çoxsaylı çarpazlıq onların növlərinin bizim növümüz tərəfindən sıxışdırılması ilə nəticələnmiş ola bilər.

Uzun illər boyunca vulqar, ağılsız kimi təqdim edilən Neandertallar əslində son dərəcə sosial və ağıllı idilər. Onların fiziki cəhətdən müasir insanlardan qısa boyu, geniş sinələri və qabarıq qaşları var idi. Həmçinin tədqiqatçılar bu gün bir çox insanın burun formasının şəkillənməsinə səbəb olduğuna inandığı geniş və uzun burun kanallarının olduğuna inanır.

Fərqli sahələr üzrə mütəxəssislərdən ibarət qrupun "Communications Biology" jurnalında dərc olunan yeni araşdırmalarında latın amerikalı, avropalı, yerli amerikalı və afrikalı qarışıq soylara sahib 6000 müasir insanın genetik məlumatları təhlil edilib. Tədqiqatçılar daha sonra əldə etdikləri genetik tapıntıları fərdlərin üz cizgilərinin, xüsusən də burunlarının ölçüləri ilə müqayisə ediblər.

"İnsan müxtəlifliyi ilə bağlı bu günə qədər aparılan genetik tədqiqatların əksəriyyəti avropalıların genlərini araşdırıb, lakin bizim tədqiqatımızda iştirak edənlərin müxtəlif nümunələri genetik tədqiqat nəticələrinin əhatə dairəsini genişləndirir və bizə bütün insanların genetikasını daha yaxşı başa düşməyə kömək edir", deyə genetik Andres Ruiz-Linares bildirib.

Komandanın bəzi insanlarda uzun burundan məsul olduğunu düşündüyü genə Aktivləşdirici Transkripsiya Faktoru 3 (ATF3) deyilir. Bu gen insan üzünün inkişafı ilə birbaşa əlaqəli olaraq bilinmir. Amma araşdırmada, 2007-ci ildə fərqli bir komandanın ATF3-dəki mutasiyaların "orta üzdə dəyişikliklərə səbəb olduğu bilinən başqa bir transkripsiya faktoru olan FOXL2 ilə tənzimləndiyini" aşkarladığı bildirilir.

Bu əlaqədən əlavə, tədqiqatçılar ATF3 ətrafında yaranan kiçik genetik kod parçalarının (yəni, tək nukleotid polimorfizmləri/SNP), baş və üz inkişafı zamanı aktiv olan DNT fraqmentləri ətrafında tapıldığını da aşkarlayıb.

Bu tədqiqatların əksəriyyətinə 2022-ci ildə Nobel mükafatına layiq görülmüş Svante Päabo rəhbərlik edib.

Neandertal genomu on ildən çox müddətdə ardıcıllıqla tərtib edilib və bu, elm adamlarına bu yaxın qohumları və buna görə də bizi insan edən şeyi daha yaxşı başa düşməyə imkan verib.

Fudan Universitetinin genetiki və tədqiqatın aparıcı müəllifi Qing Li deyib: "Burnumuzun formasının təbii seleksiya ilə müəyyən olunduğu uzun müddətdir fərz edilir. Burunlarımız nəfəs aldığımız havanın temperaturunu və rütubətini tənzimləməkdə bizə kömək etdiyi üçün fərqli formalı burunlar əcdadlarımızın yaşadığı müxtəlif iqlimlərə daha uyğun ola bilər".

"Burada müəyyən etdiyimiz gen, əcdadlarımız Afrikanı tərk edərkən insanların daha soyuq iqlimlərə uyğunlaşmasına kömək etmək üçün Neandertallardan miras alınmış ola bilər", deyə Li əlavə edib.

Neandertalların fizioloji xüsusiyyətləri arasında geniş burun dəlikləri olan enli və uzun burun daxildir. "Proceedings of the Royal Society B" jurnalında 2018-ci ildə dərc edilən bir nəzəriyyəyə görə, Neandertal burnunun ölçüsü soyuq və quru iqlimlərdə dərin nəfəs almağa kömək edirdi.

İstər əlavə hava almaq, istərsə də havanı onun ciyərlərə çatana qədər qızdırmaq və nəmləndirmək üçün olsun, Neandertal bədəni yüksək dözümlülük üçün formalaşıb. Beləliklə, 40000 il sonra da itirilən qohumlarımızın mirası genefondumuzda yaşayır.

Samir

0