Azərbaycanda QNET kabusu - Aldadıldıqlarını deyən vətəndaşlar həyəcan təbili çalır

ÖLKƏ
18:14 / 15.05.2023
772

Bakıda fəaliyyət göstərən QuestNet (QNET) şirkəti 5 ailənin kabusuna çevrilib. 

Bu barədə Qaynarinfo-ya müraciət edən həmin ailələr bildirir ki, QNET şirkətinin biznes təklifinə aldanaraq dələduzluğa məruz qalıblar. 

Şikayətçilərdən Natavan Ələsgərlinin sözlərinə görə, QNET şirkətinə görə banklardan 12 000 AZN kredit götürüb: "Bizi aldatdılar ki, bu çox sərfəli biznesdir. Yaxşı pul qazanacaqsınız. Bizə məhsullar təklif etdilər. İlk növbədə bu məhsulları almalı, daha sonra yeni adamları bu işə cəlb etməli və guya pul qazanmalı idik. Əgər təklif etdikləri məhsulların həqiqətən yüksək dəyəri olsaydı, dərd yarı idi. Təsəvvür edin, yoldaşım Eltural Ələsgərliyə saat satıblar. Deyiblər ki, korpusu qızıldır, içində briliant qaşlar var, mənə isə sep satıblar. Bu məhsullara görə bizdən 12 000 manat alıblar”.

Şikayətçi əlavə edib ki, sonradan aldıqları məhsulları yoxlatdıranda aldanıldıqlarını anlayıblar: "Övladımızın səhhətində problem yaranmışdı. Banklara kredit borcumuz olduğuna görə yenidən kredit götürə bilmədik. Düşündük ki, QNET-dən aldğımız məhsulları sataraq əməliyyat xərclərini ödəyə bilərik. Məlum oldu ki, bu məhsulları ucuz məhsullardır. Saat qızıl deyil, içində də briliant qaşlar yoxdur. Halbuki saatın "pasportu"nda onun qızıl olduğu qeyd edilib. Amma adi metaldır. Mənə satılan sepin də adi metaldan olduğu üzə çıxdı. Artıq aldanıldığımızı başa düşdük. Şirkətə müraciət edərək pullarımızı geri istədik. Lakin vermədilər. İndi bankalara borcumuz bir yandan, övladımızın xəstəliyi bir yandan. Bilmirik nə edək”. 

QNET-in qurbanı olanlardan Elçin Əzizov isə 8000 yatırım etdiyini deyib: "Bir dənə sırğa satıblar, adi dəmirdən. Təkcə ona görə 3000 manatdan artıq pul vermişəm. Mənə dedilər ki, guya yaxşı pul qazanacaqsan. 8000 manatın müqabilində bircə dəfə 450 manat veriblər. İşin ən maraqlı tərəfi budur ki, biz məhsulları qaytara bilmirik. Çünki elə sistem qurublar ki, məhsulların qaytarmaq müddəti ötür. Heç bir divident də götürə bilmirik. Kimi cəlb edək? Kim saxta məhsula, adi dəmirə 3000-5000 pul verər? Amma bizi bura cəlb edəndə məhsulları elə tərfilədilər ki, sanki bu məhsullardan qiymətli heç nə yoxdur. İndi qalmışam bankların əlində”.

Xəyalə Haqverdiyeva adlı vətəndaş isə QNET-ə 4000 yatırım edib. Ona da adi metaldan sep satılıb. Şikayətçi deyir ki, pulu bankdan götürüb. Aldanıldığını başa düşəndə şirkətə müraciət edərək pulunu geri istəyib, lakin verməyiblər: "Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etdim. Sağ olsun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi müraciətimə operativ reaksiya verdi. Məni dəvət etdilər, ifadəmi aldılar. Şirkətin mənə satdığı məhsulu da onlara təqdim etdim. Ümid edirəm ki, pulumun geri qaytarılmasına yardım olunacaq. Yoldaşımdan ayrılmışam, tək qadınam. Öhdəmdə övladım və yaşlı anam var. Onları dolandırmaq üçün min bir əziyyət çəkirəm. Hazırda bankın kreditini ödəyə bilmirəm, faiz də dayanmır. Artıq dözə bilmirəm. İntihar həddinə çatmışam”.

QNET-in qurbanlarından biri də Asif Əliyevdir. O, taksi sürücüsüdür. QNET-dən 2800 manatlıq məhsul alıb. Lakin məhsulun real qiyməti bundan dəfələrlə aşağıdır: "Mənə iş təklif edildi. Çətinliklə dolanıram, Sumqayıtda taksi sürüb ailəmi dolandıraram. QNET-in təklifi cəlbedici idi. Ona görə də bankdan pul götürüb şəbəkəyə qoşuldum. Sep satıblar mənə. Adi metaldandır. Amma deyirdilər ki, qızıldır. Sonradan aldanıldığımı başa düşdüm”.

Asif Əliyev də aldanıldığını başa düşəndən sonra hüquq-mühafizə orqanlarına müraciət edib: "İfadəmi vermişəm. Ümid edirəm ki, nəticəsi olacaq”.

Nicat Paşayev adlı vətəndaş isə 3927 manatlıq məhsul alıb: "Aldığım məhsul saxtadır. Konkret olaraq aldanılmışam. Pulu bankdan götürmüşəm. İndi qaytara bilmirəm. Kredit götürəndə arxayın idim. Düşünürdüm ki, iş görüb pul qazanacam, krediti bağlayacam. Amma məhsulların saxta olduğunu görəndə başa düşdüm ki, bu dələduzluqdur”.

Nəsimi Paşayev adlı şikayətçi isə deyib ki, ona 2830 manata saxta məhsul satılıb: "Bankdan kredit götürüb almışam. Deyirdilər ki, yaxşı biznesdir, hər şey qanunidir. Amma sonradan anladım ki, aldadırlar. Pulumu da geri ala bilmirəm”.

QNET tərəfindən aldadıqlarını deyən vətəndaşlar baş verənlərdə əsasən Səbinə adlı xanımın adını hallandırırlar. Onların sözlərinə görə, məhz bu xanıma inanaraq bu işə qoşulublar. "Amma indi zənglərimizə cavab vermir. Nömrələrimiz bloka atıb. Hətta bəzilərimizi hədələyib. Elə danışır, sanki arxasında hansısa qüvvələr dayanır. Amma biz hüquqi dövlətdə yaşayırıq və inanırıq ki, başımıza bu oyunu gətirənlər məsuliyyətdən kənarda qalmayacaq”.

Şikayətçilər bizim söhbət edərkən Səbinə xanıma ayrı-ayrı nömrələrdən də zəng vurub. Lakin o, telefonu açmayıb.

Baş verənlərlər bağlı hələ ki, hüquq-mühafizə orqanlarına şikayət etməyən vətəndaşların sözlərinə görə, şirkət rəhbərliyinin pullarını geri qaytaracağına inanıblar: "Düşündük ki, məhsulları geri alıb pullarımız geri qaytararlar. Səbr etdik, gözlədik. Amma artıq gözləyə bilmirik. Ona görə biz də şikayət edəcəyik”.

Şikayətçilər sonda deyiblər ki, baş verənləri ictimailəşdirməkdə məqsədləri həm də digər vətəndaşların bu tora düşməmələri üçündür. 

Araşdırmalarımız zamanı bəlli olub ki, QNET şirkəti tərəfindən aldadılanların sayı çoxdur. Mediada bu barədə ayrı-ayrı vətəndaşların şikayətlərinə rast gəlinir. Hətta bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfər mühakimə olunub. 

Məsələ ilə bağlı QNET şirkətinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin şirkətin nə ünvanını, nə də əlaqə telefonlarını tapa bildik. Şikayətçilər deyir ki, şirkət vaxtaşırı ünvanını dəyişir.

0