Çində prezident Si Cinpinin şüarına istinad edərək hərbçilərə lağ edən "Shanghai Xiaoguo Culture Media Co." komediya truppası 2,1 milyon dollar cərimə olunub.
HİT.Az CNN-ə istinadən xəbər verir ki, şirkətə bağlı komediya aktyoru Li Haoşi ötən şənbə günü paytaxt Pekində keçirilən stand-up nümayişi zamanı itlərinin davranışını əsgərlərin davranışına bənzədib, ölkə lideri Si Cipinin 2013-cü ildə Çin ordusu üçün "Qazanmaq üçün mübarizə aparın, nümunəvi davranış göstərin" ifadəsini işlədib.
“Gördüyünüz digər itlər sizin onların sevimli olduqlarını düşünməyinizə səbəb olur. Bu iki it mənə sadəcə “Qazanmaq üçün mübarizə aparın, nümunəvi davranış göstərin" fikrini xatırlatdı", deyə Li Haoşi şou sırasında deyib.
Fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılan şirkət cəriməni qəbul edib və Li Haoşinin müqaviləsinə xitam verib.
Çin Mədəniyyət və Turizm Nazirliyinin bəyanatında deyilir: “Biz heç vaxt heç bir şirkət və ya fərdin Çinin paytaxtından Xalq Azadlıq Ordusunun şərəfli imicini ləkələmək üçün səhnə kimi istifadə etməsinə icazə verməyəcəyik".
Li Haoşi isə sosial media hesabından açıqlama verərək, izləyicilərindən üzr istəyib: “Çox utandım və peşmanam. Məsuliyyəti üzərimə götürəcəyəm, bütün fəaliyyətlərimi dayandıracağam, dərindən düşünəcəyəm, yenidən öyrənəcəyəm”.
Samir