Çin “sülh planı” təklif etdi: Pekin xüsusi nümayəndənin Ukraynaya səfərindən danışdı

DÜNYA
12:13 / 18.05.2023
403

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui müharibəyə son qoyulması və Çin-Ukrayna münasibətləri ilə bağlı “fikir mübadiləsi” üçün Ukraynaya səfər edib.

HİT.az Çin agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Hui prezident Volodimir Zelenski, Prezident Aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba, həmçinin infrastruktur, energetika və müdafiə nazirləri ilə görüşüb.

Hui ölkənin ali rəhbərliyi ilə söhbətində Çin lideri Si Cinpinin fevral ayında təklif etdiyi “sülh planı”na əsaslanan Ukraynada müharibənin dayandırılması ilə bağlı Çinin mövqeyini açıqlayıb. O vurğulayıb ki, Pekin öz planı əsasında sülh yolu ilə nizamlanmada iştirak etməyə hazırdır.

"Li Hui Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyini açıqladı... Sədr Si Cinpinin irəli sürdüyü təkliflər Çinin Ukrayna münaqişəsinin siyasi həllinin fundamental prinsipləridir. Bütün tərəflər özlərindən başlamalı, qarşılıqlı etimad yaratmalı, müharibənin və sülh danışıqlarının sona çatması üçün şərait yaratmalıdırlar... “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” sənədinə əsaslanaraq, Çin tərəflərə yardım etməyə hazırdır. Beynəlxalq ictimaiyyət Ukrayna böhranının həlli üçün ən böyük ortaq məxrəci formalaşdırmaqda və müharibəni dayandırmaq, atəşi dayandırmaq və sülhü mümkün qədər tez bərpa etmək üçün öz səylərini göstərməlidir”, deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Həmçinin, Çin tərəfinin sözlərinə görə, Hui və Zelenski Ukrayna prezidentinin Çin Xalq Respublikasının lideri ilə bu yaxınlarda “ikitərəfli münasibətlərin inkişaf istiqamətini göstərən” telefon danışığını yüksək qiymətləndiriblər.

İki ölkənin nümayəndələri də “iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək” üçün “birgə işləmək” barədə razılığa gəliblər.

Çin tərəfinin məlumatına görə, səfər mayın 16-17-də baş tutsa da, nə Kiyev, nə də Pekin əvvəllər onun nəticələri barədə məlumat verməyib.

Samir

0