Ukrayna üçün F-16-ya qarşı çıxan Pentaqon rəsmisi istefa verdi - "Politico"

DÜNYA
12:55 / 18.05.2023
496

ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə qarşı çıxan Pentaqonun yüksək rütbəli siyasi məmuru Kolin Kahl iyulda vəzifəsini tərk edəcək. O, yenidən Stenford Universitetinin professoru vəzifəsinə qayıdacaq.

HİT.az "Politico"ya istinadən xəbər verir ki, 2021-ci ildə müdafiə nazirinin siyasət üzrə müavini vəzifəsinin icrasına başlayan Kahl Stenford Universiteti ilə razılığa gələrək, iki illik məzuniyyət götürüb və bu müddət bu yazda bitir. Müdafiə naziri bildirib ki, Kahl NATO liderlərinin Vilnüs sammiti ərəfəsində prezident Co Bayden və Llyod Ostini dəstəkləmək üçün məzuniyyətini iyulun ortalarına qədər uzatmağı xahiş edib.

"Biz onun sarsılmaz fədakarlığına və dərin intellektə görə minnətdarıq. Mən şəxsən Kolinin rəhbərliyini və məsləhətini yüksək qiymətləndirirəm və onun ciddiliyi, Amerikanın milli təhlükəsizliyinə sadiqliyi və ictimai xidmətə olan ehtiramından daima heyran oluram", deyə Ostin bildirib.

Kahl ABŞ-ın müxtəlif məsələlər üzrə müdafiə siyasətinin formalaşmasında, xüsusilə də Ukraynaya təhlükəsizlik yardımının sinxronlaşdırılmasında əsas oyunçu olub. 

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, onun səlahiyyətlərini müvəqqəti olaraq nazirin siyasi məsələlər üzrə müavini Saşa Baker icra edəcək.

Kahl eyni zamanda ABŞ-ın F-16 təyyarələrinin Ukraynaya göndərilməsinə qarşı çıxan yüksək səviyyəli administrasiya rəsmilərindən biri, Bayden administrasiyası ilə həm Demokratlar, həm də Respublikaçılar arasında mübahisə nöqtəsi olub.

Kiyevin daha təkmil təyyarələr tələb etməsinə baxmayaraq, Kahl F-16-ların göndərilməsinin illər çəkəcəyini və milyardlarla dollara başa gələcəyini söyləyərək, döyüş təyyarələrinin Ukraynanın ən təcili ehtiyacı olmadığını qeyd edib.

Kahl 2014-cü ilin oktyabrından 2017-ci ilin yanvarına qədər o vaxtkı vitse-prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb və prezidentə yaxın olub. 2009-2011-ci illərdə Barak Obama administrasiyasında dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

Samir

0