ABŞ hakimiyyəti bölünmüş Koreya ilə bağlı vəziyyətdən nümunə götürərək, Rusiya-Ukrayna müharibəsinin onilliklər ərzində dondurulmuş münaqişəyə çevrilməsi ehtimalının olduğunu etiraf edir.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri Vaşinqtondakı mənbələrlə danışıqların nəticələrinə əsasən yazıb.
Jurnalistlərin sözlərinə görə, Ağ Ev və ABŞ-ın digər səlahiyyətli orqanları artıq Ukrayna və Rusiyanın sərhədləri keçməməyə razılaşacağı, lakin rəsmi sərhədlərin olmadığı demarkasiya xəttinin mümkün konfiqurasiyaları ilə bağlı ilkin müzakirələr aparıblar.
"Bu, nə Kiyevin, nə də Moskvanın heç vaxt məğlubiyyətini etiraf etməyə meylli olmadığını nəzərə alsaq, uzunmüddətli perspektivdə ən real ola biləcək ssenaridir", deyə Politico yazır.
Qeyd edilir ki, dondurulmuş münaqişə ABŞ və Ukraynanın digər tərəfdaş ölkələri üçün siyasi baxımdan məqbul uzunmüddətli nəticəyə çevrilə bilər. Çünki bu, Kiyevə dəstək xərclərini azaltmağa imkan verəcək. Bunun əvəzinə Ukraynaya ABŞ və NATO ilə uzunmüddətli təhlükəsizlik əlaqələri təklif oluna bilər.
Nəşr qeyd edir ki, bu cür müzakirələr ilkin mərhələdə qalmasına baxmayaraq, ABŞ rəsmiləri müharibənin kifayət qədər uzun müddət qızğın mərhələdə qalacağını gözləyirlər. Buna uyğun olaraq, Bayden administrasiyası hazırda Ukraynanı gələcəkdə lazımi silah və dəstəklə təmin etmək niyyətindədir.
Nəşrin həmsöhbətlərindən biri vurğulayıb ki, Vaşinqton üçün eyni vaxtda paralel olaraq vəziyyətin inkişafının bir neçə ssenarisini planlaşdırması səciyyəvidir.
"Bəzi ABŞ rəsmiləri və analitikləri deyirlər ki, kobud modellərdən biri Koreyadakı müharibə ola bilər. Bu münaqişədə aktiv döyüşlər 1953-cü ildə atəşkəslə başa çatıb, lakin 70 il keçməsinə baxmayaraq, müharibənin bitməsi rəsmən elan olunmayıb", deyə qəzet yazır.
Samir