Şimali Koreya ilə ABŞ arasında müharibə başlaya bilər?

DÜNYA
17:33 / 19.05.2023
981

Son zamanlarda ABŞ ilə Şimali Koreya arasında vəziyyət yenidən gərginləşib.

Hərçənd ki, Donald Trampın ABŞ Prezidenti olduğu dönəmdə Şimali Koreya ilə münasibətlərdə müsbət addımlar atılmışdı. Hətta Tramp Şimali Koreya ərazisinə daxil olan ilk ABŞ lideri olaraq tarixə keçmişdi. Hətta Kim Çen Inın nüvə poliqonlarını partlatması da xeyli müddət gündəm olmuşdu. 

Buna baxmayaraq, Co Baydenin hakimiyyətə gəlməsi ilə tərəflər arasındakı vəziyyət yenidən gərginləşdi. Çünki Bayden Şimali Koreya ilə münasibətlərdə Trampın siyasətini davam etdirmədi. Əksinə, Cənubi Koreya ilə davamlı şəkildə hərbi təlimlər keçirdi. Bu isə öz növbəsində rəsmi Pxenyanın qəzəbinə səbəb oldu. Kim Çen In ABŞ-ın bölgədə aktivləşməsini, sərhədlərinə qədər gəlməsini və Cənubi Koreya ilə hərbi təlimlər keçirməsini sərt şəkildə tənqid edir. Gərginliyin artmasının əsas səbəblərindən biri də rəsmi Vaşinqtonun atdığı addımlara cavab olaraq Şimali Koreya tərəfindən hər dəfə ballistik raketlərin sınağının həyata keçirilməsidir. Onlar, bununla ABŞ-a meydan oxumaq və hətta gözdağı vermək niyyətində olduqlarını göstərirlər. 

Lakin bütün bu proseslər fonunda bir sual gündəmi məşğul edir. Həqiqətən ABŞ və Şimali Koreya arasında müharibə riski varmı? Çünki dünyanın aparıcı mediaları tərəfindən belə bir təhlükənin olduğu xüsusi vurğulanır. 

Bəs gerçəkdə vəziyyət necədir? Bu iki ölkə arasında müharibə ehtimalı nə dərəcədə realdır?
Əslində, belə bir ehtimalın çox cüzi olduğunu deyə bilərik. Bir çox hərbi ekspertlər də belə düşünür. İndi isə bunun səbəblərinə göz ataq. Əvvəla, Şimali Koreyanın nüvə silahına sahib olduğunu və ölkənin başında hər an bu silahdan istifadə etməyə hazır olan bir liderin olduğunu unutmaq olmaz. Üstəlik, Şimali Koreyanın əlindəki qitələrarası ballistik raketlərin ABŞ-ı vurmağa qadir olduğu da bilinir. Bir faktı da diqqətə çatdırmaq lazımdır ki, Şimali Koreyanın arxasında Rusiya və Çin kimi dövlətlər dayanır. Həmin ölkəkərin də nüvə silahına sahib olduğunu və mövcud hərbi güclərini hər kəs gözəl bilir. Hətta bir çox analtiklər düşünür ki, Çin və Rusiya faktoru olmasaydı, ABŞ çoxdan Şimali Koreyanın qarşısını alardı. Ona görə ki, ABŞ və Şimali Koreyanın müqayisə olunması belə absurddur. Şimali Koreya nüvə silahına sahib olsa da, hərbi cəhətdən ABŞ-ın bir ştatı ilə belə müharibə apara biləcək gücdə deyil. Nümunə üçün onlar arasındakı münaqişəni ayı ilə qarışqa arasındakı problemə də bənzətmək olar. Axı nə üçün ABŞ ordusu yeriyə-yeriyə belə ələ keçirə biləcəyi bir ölkəni özünə təhdid olaraq bu qədər şişirdir? Çünki ABŞ və Şimali Koreya qarşılıqlı şəkildə nüvə silahından istifadə etsələr, habelə Rusiya ilə Çin də bənzər addımı atsa, üçüncü dünya müharibəsi baş verər. Hansı ki, bunun dünyanın sonu olacağı da hamıya məlumdur. Lap nüvə silahından istifadə olunmasa belə ABŞ Rusiya və Çinlə eyni anda bir savaşa girməyi qətiyyən istəmir.

Rəsmi Vaşinqtonun atdığı bütün addımların və Cənubi Koreya ilə hərbi təlimlər keçirməsinin əsas səbəbi Şimali Koreyanı potensial riskli addımlarından çəkindirmək xarakteri daşıyır. Tərəflər arasında real müharibə və ya toqquşma baş verməsi isə gözlənilmir. Siyasi şərhçilərin fikrincə, ABŞ Şimali Koreyanı nə qədər çəkindirməyə çalışırsa, qarşı tərəf də bir o qədər müqavimət göstərməyə və çətin rəqib olduğunu göstərməyə çalışır. Hərbi ekspertlər də ABŞ və Şimali Koreya arasında yaxın illərdə müharibə baş verməsi üçün zəmin və ya əsaslar olmadığını vurğulayırlar.

Pərviz

0