Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşına odlu silahdan atəş açılması barədə məlumat araşdırılır.
Bu barədə HİT.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.
Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və izahatı alınıb. Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.
16.01
Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.
Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb.
Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır.