Baxmut kimin nəzarətindədir? - "Əslində şəhər..."

DÜNYA
16:23 / 22.05.2023
1075

Ukraynanın Baxmut şəhəri ilə bağlı fərqli məlumatlar yayılmağa davam edir.

Həftəsonu "Vaqner" özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin Baxmutu ələ keçirdiklərini elan etdi. Ardından Rusiya Prezidenti bu münasibətlə "Vaqner" hərbçilərini təbrik etdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə öncə Baxmuta nəzarət edə bilmədiklərini açıqladı. Lakin daha sonra Ukrayna Prezidentinin ofisi və Zelenskinin özü Baxmutun tam olaraq işğal olunmadığını dedi.

Son olaraq, Ukrayna Quru Qoşunlarının generalı Aleksandr Sırski isə Baxmutun mühasirəyə alındığını açıqlayıb. O, Ukrayna qoşunlarının şəhərətrafı ərazilərdə Rusiya qüvvələrinə doğru irəlilədiyini deyib. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə qoşunların şəhərin cinahları boyunca irəlilədiyini söyləyib.

Bütün bunlara baxmayaraq, Priqojin də fərqli açıqlama verib. O, Baxmutu ələ keçirdiklərini və orada işlərinin bitdiyini deyib. Priqojin 25 mayda şəhəri Rusiya Müdafiə Nazirliyinə təhvil verərək, ərazini tərk edəcəklərini bəyan edib.

Qeyd edək ki, Baxmutla bağlı bu qədər fərqli bəyanatın səsləndirilməsi təəccüblə qarşılanır. Şəhərin konkret olaraq kimin nəzarətində olduğu da tam olaraq məlum deyil. Çünki hər iki tərəfin açıqlamaları da bir-birinin əksidir. 

Belə olduğu halda isə suallar yaranır: Baxmutda nə baş verir? Şəhər kimin nəzarətindədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, rusların şəhərdə nəzarəti ələ aldıqları aydın məsələdir:

Politoloq Turab Rzayev acıqladı: Sarsıdıcı zəlzələ may ayında baş tutan  seçkilərə təsir göstərəkmi? - YouTube

"Bunu Rusiyanın informasiya resurslarının verdiyi məlumatlardan da başa düşmək olur. Faktiki olaraq, “Vaqner” qruplaşması şəhərin əhəmiyyətli hissələrində şəkillər və videolar çəkib paylaşır. Bəlli olur ki, Baxmut onların nəzarətindədir. Eyni zamanda, Ukrayna tərəfinin susqunluğu və hətta Prezident Volodimir Zelenskinin ani olaraq bunu etiraf etməsi onu deməyə əsas verir ki, həqiqətən də Baxmut şəhəri ruslar tərəfindən ələ keçirilib. Sadəcə olaraq, ukraynalılar əks-hücumla bir neçə kvadrmetrlik kiçik əraziləri azad ediblər".

Politoloq xatırladıb ki, Rusiya Baxmutu qələbənin simvolu kimi sayır:

"Onlar, Prezident Vladimir Putinin ad gününə və 9 may Qələbə günü ilə bağlı şəhərin ələ keçirildiyini hədiyyə etmək istədilər. Bəlkə də, Ukrayna rusların Baxmutu ələ keçirmədiyini deməklə Rusiyanın qələbə sevincini yarımçıq qoymaq və xalqın əhval-ruhiyyəsinin sınmamasını istəyir. Amma Ukrayna ordusu da Baxmut ətrafında irəliləməyə və şəhəri mühasirəyə almağa çalışır. Yəni sağ və sol cinahlardan irəliləyirlər. Ola bilsin ki, ukraynalılar şəhərə hansısa halda şəhərə hücum etmək və yenidən nəzarətə götürmək imkanlarının ola biləcəyini düşünürdülər. Məhz buna görə də Baxmutun itirilməsi ilə barışmaq istəmirlər".

Turab Rzayevin fikrincə, Ukrayna sadəcə hərbi cəhətdən hansısa uğurlu nəticə əldə etdikdən sonra Baxmutun heç vaxt rusların əlinə keçmədiyini açıqlaya bilər:

"Zelenskinin sözlərindən və Ukrayna rəsmilərinin susqunluğundan bunu başa düşürəm. İstənilən halda Baxmut kifayət qədər kritik əhəmiyyətə sahib bölgə oldu. Əslində çox kiçik bir qəsəbə uğrunda tərəflər onminlərlə itki verdilər və orada 224 gündən çox müharibə davam etdi. Bu isə tərəflərin iddia etdikləri qədər güclü olmadıqlarını göstərir. Yəni Rusiya 224 günə xırda bir qəsəbəni ələ keçirə bilmirsə, onların üstünlüyü ilə bağlı suallar ortaya çıxır. Həmçinin, Ukrayna ordusu da kiçik bir qəsəbəni saxlamaq üçün çox ciddi itki verib, son anda çəkilir. Bu isə Ukrayna ordusunun rus ordusu qarşısında potensialı ilə bağlı çox da ümidli olmadığı göstərir. Nəzərə alaq ki, Ukrayna ordusu yeni bir hücuma hazırlaşır. Bu zaman Baxmutda çox itki verməməyə və resurslar xərcləməməyə çalışacaqlar. Çünki onlar bütün canlı qüvvələrini yeni hücuma hazırlayıblar".

Pərviz

0