Dünyanın bəzi ölkələrində artıq 4 günlük iş rejiminə keçilib.
Zaman-zaman Azərbaycanda da bu sistemin tətbiq olunması təklif olunur. Lakin bəzi ekspertlər ölkəmizdə 4 günlük iş rejiminə keçid etməyin bir çox iş yerlərində problemlərə yola aça biləcəyini düşünürlər. Hətta 4 günlük iş rejiminin Azərbaycan iqtisadiyyatına mənfi təsir edəcəyi belə iddia olunur.
Bəs bu ehtimallar nə dərəcədə doğrudur? Ümumiyyətlə, Azərbaycanda 4 günlük iş rejiminə keçid etmək mümkündür?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı Elşən Bağırzadə bildirib ki, təkcə 4 günlük iş rejimi yox, eyni zamanda məsafədən iş, hibrid iş rejimləri də əmək qanunvericiliyi ilə təsbit edilməlidir:
"İşçilər və işəgötürənlərin bu iş rejimlərini qanunla müəyyən edilmiş qaydada seçə bilmək hüququ olmalıdır. Burada söhbət məcburiyyətdən getmir. Əmək bazarının iştirakçılarına qanunla bu hüquq verilməlidir. Qalan məsələlər onsuz da bazar mexanizmi və sərbəst əmək müqavilələri ilə tənzimlənəcəkdir. Bu yaxında Qazaxıstan da 4 günlük iş rejimini qanunvericiliklə tanıdı, təsbit etdi və bu rejimə keçidi iqtisadi subyektləri öz ixtiyarına buraxdı. Əmək qanunvericiliyi çevik olmalıdır, iqtisadiyyatda ortaya çıxan yeniliklərə adekvat olmalıdır. 4 günlük iş rejiminin çoxlu müsbət cəhətləri var, bundan saatlarla danışmaq olar".
Lakin ekspert qeyd edib ki, 4 günlük iş rejimi bəzi sahələrdə özünü doğrultmaya da bilər:
"Sadəcə bu qərarı hansısa məmur yox, bazar verməlidir. Onsuz da hansı sahədə bu 4 günlük iş rejim özünü doğrultmayacaq və səmərəsiz olacaqsa, bazar subyektləri də bundan imtina edəcəkdir, hansı sahələrdə özünü doğruldacaqsa istifadə ediləcəkdir. Azərbaycan Konstitutsiyasının 15-ci maddəsinin 2-ci bəndində dövlətin iqtisadi münasibətlərin bazar prinsipləri əsasında qurulmasına təminat verdiyi təsbit edilmişdir. İmkan vermək lazımdır ki, bazar mexanizmi işləsin. Bu mexanizm işlədiyi təqdirdə, ən səmərəli olanı bizim əvəzimizə tapıb reallaşdıracaqdır".
Pərviz