NATO-nun baş katibi qadın ola bilər - İlk dəfə

09:20 / 26.05.2023
429

Danimarkanın baş naziri Mette Frederiksen Yens Stoltenberq postunu tərk etdikdən sonra NATO-nun növbəti baş katibi ola bilər.

HİT.az xəbətr verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşr qeyd edir ki, Avropa ölkəsinin nümayəndəsi hərbi Alyansın baş katibi olur, lakin o, Vaşinqton tərəfindən təsdiqlənməlidir. "Politico" bu kontekstdə Ağ Evin Co Baydenin iyunun 5-də Fredrikseni iki ölkə arasındakı əlaqələri, NATO müttəfiqlərinin transatlantik tərəfdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işləri, Ukraynaya dəstək və digər məsələləri müzakirə etmək üçün qəbul edəcəyi barədə açıqlamasına istinad edir.

Nəşrin analtiklərinin fikrincə, bu, Fredriksenin Yens Stoltenberqin səlahiyyət müddəti bitdikdən sonra NATO-nun yeni rəhbəri olacağını güman etməyə əsas verir. Bununla belə, Alyans üzvləri yeni liderlə bağlı razılığa gələ bilməsələr, Stoltenberq daha bir neçə ay vəzifədə qala bilər.

"Politico" qeyd edir ki, Fredriksen hərbi Alyansın baş katibi vəzifəsinə namizədlik üçün bir sıra tələblərə cavab verir. Birincisi, güman edilir ki, NATO-nun yeni rəhbərinin hökumət başçısı kimi iş təcrübəsi olacaq, ikincisi, yeni baş katibin qadın olması arzu edilir, çünki indiyədək NATO-nun baş katiblərinin hamısı kişi olub.

Eyni zamanda, Danimarka Ukraynanı dəstəkləyən mərkəzi NATO ölkəsi hesab edilir, lakin bəzi Şərqi Avropa dövlətləri kimi radikal deyil.

Bu arada vaxtilə NATO-ya danimarkalınını rəhbərlik etdiyi vurğulanır. Belə ki, Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen 2009-2014-cü illərdə Stoltenberqə qədər Alyansa rəhbərlik edib. Ona görə də Danimarka nümayəndəsinin təyin olunması bəzi ölkələrdə narazılığa səbəb ola bilər.

"Bundan əlavə, Fredriksenin Danimarkanın baş naziri postundan istefa verə biləcəyi məlum deyil", deyə "Politico" yazır.

Nəşr onu da vurğulayır ki, Fredriksenin güclü namizəd ola biləcəyinə baxmayaraq, onun Niderlandın baş naziri Mark Rutte, İspaniyanın baş naziri Pedro Sançes və İngiltərənin müdafiə naziri Ben Uolles kimi layiqli rəqibləri də var.

Estoniyanın baş naziri Kaja Kallas da mümkün namizəd hesab edilirdi. Lakin bir çox Qərbi Avropa ölkələrində o, çox sərt hesab olunur.

Qeyd edək ki, hazırda NATO-nun baş katibi Norveçin keçmiş baş naziri, 2014-cü ildən bu vəzifəni icra edən Yens Stoltenberqdir. O, oktyabrda səlahiyyət müddəti başa çatdıqdan sonra NATO-nun baş katibi vəzifəsini tərk etməyi planlaşdırdığını bildirib.

Ondan əvvəl Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen (2009-2014), Niderlandın keçmiş xarici işlər naziri Yaap de Hop Sxeffer (2004-2009), Böyük Britaniyanın keçmiş müdafiə naziri Corc Robertson (1999-2003) NATO-nun baş katibi vəzifəsində çalışıb.

Samir

0