"TÜRK MƏTBƏXİ HƏFTƏSİ" çərçivəsində səfirlikdə tədbir keçirdi

ÖLKƏ
12:21 / 29.05.2023
694

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə təşkil olunan və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 21-27 may tarixlərində bütün dünyada qeyd edilən "Türk mətbəxi həftəsi" çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Səfir Cahit Bağcının xanımı Leyla Bağcının ev sahibliyində keçirilən tədbirə Azərbaycandakı diplomatik təmsilçilik rəhbərlərinin xanımları iştirak edib.

Tədbirdə qonaqlara Hatay mətbəxindən bibərli çörək, təpsi kababı, badımcan kababı, humus və künəfə kimi yemək və təamlar təqdim edilib.

Hatayın tarixi, mədəniyyəti və ənənəvi yemək mədəniyyəti haqqında qonaqlara məlumat verən xanım Leyla Bağcı yeməklərin hazırlanması zamanı Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsində həyata keçirilən “Sıfır Tullantı Layihəsi”ni tətbiq etdiklərini, bu layihəni bundan sonra evlərində və özəl işlərində həyata keçirəcəklərini qeyd edib.

Fevralın 6-da Türkiyənin böyük zəlzələ fəlakəti ilə üzləşdiyini xatırladan L.Bağcı "Hatay bölgəsi də bu böyük dağıntıları yaşayan bölgələrimizdən biridir və biz də bu gün "Türk mətbəxi həftəsin"də Hatay mətbəxini nümayiş etdirmək istədik. Mədəniyyətlər şəhəri, qədim Hatay mətbəxinin xüsusi, gözəl və ləziz yeməklərini qonaqlarımıza təqdim etdik. İnşallah ölkəmiz bu zəlzələnin sıxıntılarını ən qısa zamanda aradan qaldıracaq və yenidən dimdik ayağa qalxacaqdır", - deyə bildirib.

0