Qripə yoluxanların DİQQƏTİNƏ: Ağırlaşma zamanı görməni də itirə bilərsiniz

SOSİAL
20:55 / 07.06.2023
808

Bir neçə həftədir ki, vətəndaşlar yuxarı tənəffüs yollarının infeksion xəstəliklərinə yoluxan zaman yeni fəsadla rastlaşdıqlarını deyirlər. Belə ki, bu özünü daha çox göz xəstəlikləri ilə büruzə verir.

Şikayətlər arasında göz qızarması, iltihablaşmalar var. Həkim-oftalmoloqlara müraciət zamanı isə bəlli olur ki, qripə yoluxduqları üçün infeksion xəstəlik ağırlaşma verib.

Bundan əziyyət çəkənlər deyirlər ki, gözlərin qızarması, çirklənib, kirpiklərin bir-birinə yapışması günlərlə davam edir.

Şikayətlərin sayı artdığından məsələyə ekspert-həkim rəyi almaq qərarına gəldik.

İnfeksion xəstəliklərin gözlərdə xəstəlik yaratmasının qarşısını almaq üçün nə etmək lazımdır? Bu cür ağırlaşmalar uşaqlarda, yoxsa böyüklərdə daha çox rast gəlinir? Zamanla bu problem görmənin zəifləməsinə səbəb ola bilərmi?

Oxu.Az-ın bu və digər suallarını Milli Oftalmologiya Mərkəzinin Bioloji obyektlərdə və mulyajlarda praktiki bacarıqların öyrədilməsi laboratoriya şöbəsinin müdiri Mətanət Əfəndiyeva cavablandırıb.

O bildirib ki, son dövrlərdə bu şikayətlərlə tez-tez qarşılaşırlar.
Həkim qeyd edir ki, əgər bir şəxs revmatizmdən əziyyət çəkirsə, o, mütləq buna qarşı profilaktik müalicə almalıdır:

“Çünki revmatizmdən əziyyət çəkən şəxslərdə bir müddət sonra hansısa göz xəstəlikləri yarana bilər. Əfsuslar olsun ki, bu proseslər irəlilədikcə gözdə hətta qlaukoma da yarana bilər”.

Digər çox yayılan xəstəliklərdən herpes barədə danışan həkim-oftalmoloq qeyd edir ki, göz ətrafında bu xəstəlik yaranarsa, o, müalicəyə tabe olmur:

“Daha doğrusu, bu, immun sisteminə bağlıdır. Herpes hüceyrədə yaşayır və müalicəyə tabe olmur. Bir az soyuqdəymə, gərginlik olanda herpes özünü büruzə verir. Bu hallarda da gözdə herpetik keratit (göz uçuğu), herpetik üveit yarana bilər. Bu da görməyə təsir etməklə yanaşı, buynuz qişanın bulanması ilə də nəticələnə bilər. Təəssüf ki, son dövrlərdə biz bu hallarla tez-tez rastlaşırıq”.

0