"Xəzər-XXI Əsr” MMC barəsində inzibati iş başlanıb.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə olmadan, həmçinin qanunvericiliyin tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə ittiham olunur.
Bu maddədə fiziki şəxslərin üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə beş min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
"Xəzər-XXI Əsr” MMC 10 mart 2003-cü ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Sirac oğludur.
Elxan Süleymanov IV və V çağırış Milli Məclisin deputatı olub. O, həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təsisçisidir.
2019-cu ildə "Xəzər-XXI Əsr” MMC könüllü ləğv olunduğunu elan etmişdi.