NATO yeni baş katib axtarır: İlk dəfə bir qadın, yoxsa yenə kişi?

DÜNYA
09:45 / 12.06.2023
476

NATO-nun yeni baş katibinin kim olacağı məsələsi yenidən gündəmi zəbt etməyə başlayıb. Bu vəzifə üçün bir çox yüksək vəzifəli şəxsin adı çəkilir, lakin ehtimallar getdikcə azalır.

HİT.az "Anadolu"ya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin oktyabrında başa çatır. Məhz buna görə də Rusiya ilə NATO arasında gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda belə həssas, yüksək səviyyəli və mühüm siyasi vəzifəni kimin üzərinə götürəcəyi barədə çox danışılır.

Bu vəzifə üçün indiyədək bir çox ölkədən prezident, baş nazir və nazir səviyyəsində adlar çəkilib. Bu dəfə yeni baş katibin qadın olması, Alyansın idarəçiliyinin tarixində ilk dəfə qadına həvalə edilməsi gündəmə gəlib.

Əsas qadın namizədlər arasında Estoniyanın baş naziri Kaya Kallas, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, Slovakiya prezidenti Zuzana Çaputova, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Kanada baş nazirinin müavini Xristiya Friland və Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meyin adı var.

Bu yaxınlarda namizədlər siyahısına Danimarkanın baş naziri Mette Frederiksen də əlavə edilib. Frederiksenin iyunun 6-da ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona səfəri onun NATO baş katibi postuna gələ biləcəyi ilə bağlı şayiələri artırıb.

2019-cu ildə ölkəsinin ən gənc baş naziri olmuş 45 yaşlı Frederiksen bu vəzifəyə can atmadığını desə də, hazırda ən ciddi namizədlərdən biridir. Frederiksen hökuməti Ukraynaya artan dəstəyi və Rusiyaya qarşı sərt ritorikası ilə diqqət çəkir. Bununla belə, Danimarka baş nazirinin beynəlxalq aləmdə yüksək nüfuza malik olmaması mənfi cəhət kimi göstərilir.

Bundan əlavə, son illərdə Qurani-Kərimin yandırılması ilə gündəmdə olan Danimarkada hökumətin bu hadisələrin qarşısını almaq kimi bir münasibəti olmadığı üçün Türkiyənin Frederiksenin namizədliyinə şübhə ilə yanaşa biləcəyi təxmin edilir.

NATO-nun ən yüksək vəzifəsinə bir qadının gətirilməsi barədə ötən il çox müzakirələr olmuşdu. Alyans tarixində ilk dəfə olaraq baş katib vəzifəsinə qadın təyin olunmasını bir çox üzv dövlətlərin müsbət qarşıladığı bildirilir. Lakin qadın namizəd son aylarda gündəmdən düşmüş kimi görünür.

Bu səbəbdən İspaniyanın baş naziri Pedro Sançes və Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də mümkün namizədlər kimi göstərilir. Bundan başqa, Rumıniya prezidenti Klaus İohannis və Hollandiyanın baş naziri Mark Rutte kimi adlar da NATO-nun baş katibi postu üçün gündəmdədir.

31 üzvdən ibarət Alyansın hazırkı baş katibi Yens Stoltenberq bu vəzifəni 2014-cü il oktyabrın 1-dən icra edir. Norveçin keçmiş baş naziri Stoltenberqin səlahiyyət müddəti bundan əvvəl üç dəfə uzadılıb. Son uzadılma müddəti 30 sentyabr 2023-cü ildə başa çatacaq. Lakin norveçli baş katibin mandatının bir daha uzadılması perspektivi artır. 

Bildirilir ki, NATO ölkələrinin əksəriyyəti buna razıdır və Stoltenberq Rusiya ilə gərginliyin çox yüksək olduğu bir vaxtda vəzifəsində qalmaq istəyir. Stoltenberqin Finlandiyadan sonra İsveçin NATO-ya üzvlük prosesini görmədən işi bitirmək istəmədiyi deyilir.

Stoltenberq 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumunun başlamasına az qalmış ölkəsində Mərkəzi Bankın rəhbəri olacağını açıqlamışdı. Lakin müharibə başlayandan az sonra Stoltenberqin səlahiyyət müddəti uzadılmışdı.

Norveç Mərkəzi Bankı dünyanın ən böyük fondu olan Norveç Sərvət Fondunu idarə edir. Fondun həcmi 1,4 trilyon dolları ötür.

NATO-nun baş katibi 31 üzvlü ittifaqda ən yüksək mülki vəzifədir. Ənənəvi olaraq bu vəzifəyə Avropa ölkələrindən olan dövlət və ya hökumət başçısı təyin edilir.

4 illik səlahiyyət müddəti olan baş katibin kimliyinə NATO ölkələrinin hamısı birlikdə qərar verir. Namizədin vəzifəyə seçilə bilməsi üçün bütün üzv ölkələrin təsdiqi lazımdır.

İndiyədək Böyük Britaniya NATO-ya 3, Belçika, Hollandiya və İtaliya hərəyə 2 dəfə baş katib göndərib. Almaniya, İspaniya, Danimarka və Norveçdən bir nəfər baş katib olub.

NATO baş katibinin Alyansda üç əsas vəzifəsi var. Bunlardan biri də bütün komitələrə sədrlik etmək və Alyans daxilində danışıqları aparmaq, qərarların qəbulu prosesinə şərait yaratmaq və qərarların icrasını təmin etməkdir.

Digərləri isə Alyansın əsas sözçüsü kimi fəaliyyət göstərir və təşkilatın beynəlxalq heyətinə rəhbərlik edirlər.

Samir

0