Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Amerika səfəri haqda təəssüratlarını bölüşüb.
HİT.az xəbər verir ki, 10-29 may tarixlərini əhatə edən səfər Azərbaycan Mədəniyyət Nazirliyinin, Amerikadakı Azərbaycan diasporlarının, mədəniyyət mərkəzlərinin dəstəyi ilə reallaşıb:
Mayamidən başlayan səfər ümumilikdə 7 ştat boyu davam edib. Əsas hədəfi Azərbaycan çağdaş ədəbiyyatını tanıtmaq olan səfər zamanı baş tutan tədbirlər ən müxtəlif sosial, psixoloji mövzuları da əhatə edib. “Skoki Mədəniyyət Festivalı”nda iştirak edən yazıçı Azərbaycan stendinin də qonağı olub.
Vaşinqtonda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bəylə görüşüb səfərin məqsədindən danışıb. Amerikada yaşayan digər həmvətənlərimizlə də müxtəlif tədbirlər və görüşlər baş tutub.
Səfər Nyu York Azərbaycan Amerika Qadın Cəmiyyəti və “My Way” Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Müstəqillik gününə həsr olunmuş tədbirlə yekunlaşıb.
Ədəbiyyatımızın, ölkəmizin tanıtdırılması istiqamətində səfərin böyük rolu olduğunu qeyd edən yazıçı səfərin gedişindən və nəticələrindən razı qaldığını və belə səfərlərin davamlı olacağını bildirib.
Qeyd edək ki, bu səfər yazıçın Amerikaya ilk səfəri deyil. “Relslər üzərinə uzanmış adam” kitabı “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalına layiq görüldükdən sonra 2022-ci ildə yazıçı Mayamidə keçirilən mükafatlandırma mərasimində iştirak edib.
Xatırladaq ki, Rövşən Abdullaoğlunun bu günə kimi 28 kitabı işıq üzü görüb. Azərbaycanda çap olunan kitablarının əksəriyyəti bestseller olub, əsərləri türk, ingilis, rus, ərəb dillərinə tərcümə edilib. Bundan əlavə, əsərlər Amerikanın nüfuzlu beynəlxalq ədəbi qurumlardan müsbət rəylər, fərqlənmə nişanları alıb.
Murad Məmmədli