"Yeni START Müqaviləsinin müddəti 2026-cı ildə başa çatdıqdan sonra Birləşmiş Ştatlar Moskva ilə nüvə risklərinin idarə olunması üçün silahlara nəzarət sisteminin yaradılması üzrə dialoqa hazırdır”.
HİT.az xəbər verir ki, bu barədə “İzvestiya”ya ABŞ səfirliyindən bildirilib.
Səfirlik həmçinin əmin edib ki, Rusiya da bunu etdiyi müddətdə ABŞ Yeni START-ın əsas müddəalarına əməl etməyə davam edəcək.
Bu arada rusiyalı diplomatlar “İzvestiya”ya bildiriblər ki, Moskva Yeni START Müqaviləsinin hər hansı denonsasiyasını düşünmür və Rusiya da orada nəzərdə tutulan say məhdudiyyətlərinə əməl etməyə davam edəcək.
"Bütün ikitərəfli fikir ayrılıqlarımızın həllini gözləmək əvəzinə, Birləşmiş Ştatlar indi Rusiyanı nüvə risklərinin idarə olunmasına, eləcə də 2026-cı ildən sonrakı dövr üçün silahlara nəzarət sisteminin hazırlanmasına cəlb etməyə hazırdır. Biz bu cür müzakirələri indi başlamağa hazırıq", deyə ABŞ səfirliyi əlavə edib.
Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Rusiya heç vaxt ABŞ tərəfi ilə danışıqlardan yayınmayıb, nüvə silahlarına nəzarət üzrə dialoqa açıqdır.
Rusiya nüvə arsenalına malik NATO üzvü olan Fransa və Böyük Britaniyanın yeni müqavilədə iştirak etməsində israr edir. Lakin nə Paris, nə də London hələlik bununla bağlı mövqe bildirməyib. Bu arada ABŞ Çini də cəlb etməyə çalışır, lakin Çinin nüvə potensialının həm Rusiya, həm də ABŞ-dan əhəmiyyətli dərəcədə geri qaldığını nəzərə alaraq, Pekin bu cür tələbləri əsassız hesab edir.
Samir