Türkiyə-Azərbaycan birgə universitetinin hansı üstünlükləri olacaq? - Ekspert açıqladı

ÖLKƏ
14:53 / 14.06.2023
825

Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bu barədə danışıb. 

Prezident Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələdə olduğunu vurğulayıb:

"Biz çox ümid edirik ki, yaxın gələcəkdə, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək".

Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da birgə universitetlə bağlı qanunvericilik səviyyəsində addım atılacağını və universitetin yaxın gələcəkdə fəaliyyətə başlamasının təmin olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, yeni yaradılacaq Türkiyə-Azərbaycan birgə universitetinin bir çox üstünlüklərinin olacağı və təhsilimizin keyfiyyətini artıracağı proqnozlaşdırılır.

Ümumiyyətlə, Türkiyə-Azərbaycan birgə universitetinin əsas üstünlükləri nələr olacaq?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hər il artan istiqamətdə yüksəlir:

328061

"Azərbaycandan Türkiyəyə oxumağa gedənlərin, eyni zamanda Türkiyədən Azərbaycana oxumağa gələnlərin sayında kəskin artım var. Həmçinin, Türkiyə universitetlərinin dünya reytinqindəki mövcud vəziyyəti, eyni zamanda oradakı təhsilin keyfiyyəti də yüksəkdir. Türkiyə universitetləri ilə Azərbaycan universitetlərinin birgə olması ölkəmizdə ali təhsilinin keyfiyyətinə öz müsbət təsirini göstərəcək. Ona görə ki, Azərbaycan ali təhsil müəssisələri beynəlxalq reytinqdə yoxdurlar. Amma Türkiyənin bir çox universiteti dünya reytinqindədir".

Ekspert vurğulayıb ki, Türkiyə-Azərbaycan birgə universitetin açılması həm kadr mübadiləsi baxımından, həm də beynəlxalq standartlar səviyyəsində tədrisin təşkilinə müsbət təsir göstərəcək:

"Bununla yanaşı, Azərbaycan universitetlərinin arasında da rəqabət yaranacaq və dünya reytinqinə çıxmaq istiqamətində tədrisin təşkili qaydaları müasirləşdiriləcək. Bunların hər biri yaxşı haldır. Hesab edirəm ki, Azərbaycan-Türkiyə birgə universitetin açılması müsbət addımdır. İndiyə qədər bir neçə xarici ölkələrlə birgə universitetlərimiz açılıb. Bu təcrübə Azərbaycana ancaq müsbət təsir göstərə bilər".

Pərviz

0