Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

SİYASƏT
09:14 / 15.06.2023
382

15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür.

1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Bir müddət sonra qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Bu zaman həmin dövrki iqtidar kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

0