Çovdarov əsgər rütbəsinə endirilib - General pensiyası ala bilmədi

İQTİSADİYYAT
11:28 / 16.06.2023
671

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) idarə rəisi Akif Çovdarov hərbi qulluqçu pensiyası almaq üçün iddia qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, iddiaya Bakı İnzibati Məhkəməsində baxılıb.

Akif Çovdarov 47 il iş stajının olduğunu, o cümlədən 11 il MTN-də idarə rəisi işlədiyini bildirib. O, həmçinin 2012-ci ildən həbs olunduğu günə qədər general-mayor rütbəsi ilə xidmət etdiyini məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmə iddianı təmin etməyib. Məlum olub ki, məhkəmənin təqdimatına əsasən Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib.

Məhkəmə qərarında göstərilib ki, iddiaçı-Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yoxdur.

Akif Çovdarov qərardadla razılaşmayaraq apellyasiya şikayəti verib. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edib.

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılıb.

2022-ci ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bir müddət əvvəl isə Ali Məhkəmə sözügedən qərarı ləğv edib.

0