Təəssüf ki, ölkəmizdəki internet problemi özünü çox ciddi şəkildə biruzə verir.
İllərdir ki, bizə təqdim olunan internetin sürətinin çox aşağı olduğu hər kəsə məlumdur. Hansı provayderlərdən istifadə etməyimizə baxmayaraq, bu problemlə üzləşirik. Gün ərzində internetə qoşulmaqda çətinlik çəkirik, sürət isə çox aşağıdır. Hətta zaman-zaman internetə qoşulmaq belə olmur. Bunun kimi onlarla problem sadalamaq mümkündür. Hər dəfə internet xidmətindən istifadə etdiyimiz provayderə zəng edib fərqli problemi bildirsək də, eyni cavabı alırıq. Nədənsə adətən deyirlər ki, ya modemdə, ya da internet xəttinizdə problem var. Bəzən də usta göndərirlər. O da gəlib 5-10 dəqiqə guya nə isə edir, pul alıb gedir. Ən yaxşı halda da, "buradan yeniləyirik" deyirlər. Nəticə isə dəyişmir ki, dəyişmir. Biz bir xidmət üçün pul ödəyiriksə, onda heç bir problem olmamalıdır. Amma bizdə elə deyil. Olduqca problemli bir xidmətə məcbur olduğumuz üçün abunə oluruq. Hər ay pul ödəyirik, amma qarşılığındakı xidmət sıfıra bərabərdir.
Ay tamam olan kimi bir saniyə belə gecikmədən internetin verilməsini kəsməyi bilirlər. Lakin özlərindən qaynaqlanan problemə görə saatlarla da, günlərlə də internet işləməsə bunu kompensasiya etmirlər. Bax, bu da çox böyük bir ədalətsizlikdir.
Xaricdə kosmosla və hətta başqa planetlərlə internetlə əlaqə qururlar. Biz isə eyni şəhərin içində bir-birimizə "WhatsApp"dan zəng edib normal şəkildə danışa bilmirik. Hətta daha da məyusedici nümunə də vermək olar. Eyni evin içindəki bir telefondan digər telefona göndərilən mesaj belə gec çatır.
Maraqlısı isə budur ki, problemləri hər kəs sadalayır, amma həlli istiqamətində addım atılmır. Axı indiki dövrdə internetin sürətinin yavaş olması çox ciddi problemdir. Biz pandemiya dövründə internetin faydasını gördük. Amma ondan sonra bu istiqamətdə addımlar atdıqmı? Nəzərə alaq ki, hər gün minlərlə insan onlayn təhsil alır. Xarici dil öyrənənlər və digər fənnlər üzrə hazırlığa gedənlərin əksəriyyəti artıq bunu distant formada edir. Həmçinin, evdən işləyən bir çox sektor var. Axı internetin zəif olması birbaşa həmin sektorlara və orada işləyən insanlara ciddi zərbədir. İndiki dünyada böyük nailiyyətlər əldə etmək və gənclərimizi beynəlxalq aləmdə təmsil olunması üçün internet şərtdir.
Vəziyyət bilirsiniz nəyə bənzəyir? Sanki avtomobiliniz var, amma benzini yoxdur. Təbii ki, o zaman avtomobilinzdən heç cür istifadə edə bilməzsiniz. Baxın, internetdə yaşadığımız problem də eyni belədir. Ekranda və modemdə internetin olduğu görünür, amma sürət olmadığı üçün ondan yararlana bilmirik. Yəqin ki, kifayət qədər uyğun bir bənzətmə oldu.
Unutmayaq ki, müasir dünyada internet hava və su kimi lazımdır. Son illərdə bunun əhəmiyyətini və gücünü gördük. Ona görə də bu problemlərin aradan qaldırılması üçün mütləq şəkildə çalışmalar aparmaq lazımdır. Çünki bu öhdəsindən gəlinməyəcək qəliz bir məsələ deyil. İnanırıq ki, sadaladığımız problemlər asanlıq öz həllini tapacaq. Nəticədə yenilənən dünyada demək olar ki, bütün sahələrin işinin bir hissəsi və tamamı internet üzərindən aparılır. Yəni vətəndaşlar üçün internet xidməti ictimai nəqliyyat kimi vacib məsələdir....
Pərviz