İllər sonra AzDrama-nın səhnəsinə çıxacaq

18:15 / 19.06.2023
725

Akademik Milli Dram Teatrında yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurbanovun “Sənsiz” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

OLAY yazır ki, teatrın Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, direktor vəzifəsini icra edən, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, uğurlar arzu ediblər.

Xalq artisti, görkəmli teatr rejissoru Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq “Sənsiz”lə böyük sənətkarın unudulmaz xatirəsi anılacaq.

Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi "Sənsiz" tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub.  

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənova və Könül Kərimovadır.

Yeni yaradıcılıq işində Xalq artisti Mehriban Zəki (Sevinc), əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral) və Ziya Ağa (Fərhad) çıxış edəcəklər.

Tamaşanın premyerası oktyabrda olacaq.

Qeyd edək ki, M.Zəki AzDrama-da illər sonra səhnəyə çıxacaq. O, uzun müddətdir pedaqoji fəalliyəti səbəbilə tamaşalardan uzaq qalırdı.

0