Lisenziyası 2023-cü ilin may ayında ləğv olunmuş “Günay Bank” ASC-nin kreditorlarına iyunun 19-dan bu günə qədər 813 kreditora 12 milyon 997,62 min manat kompensasiya ödənilib.
Bu barədə HİT.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Məlumata görə, fond tərəfindən 88 kreditora 2 milyon 291,395 min ABŞ dolları, 8 kreditora 22min 330 avro məbləğində kompensasiya ödənilib.
Qeyd edək ki, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib.
AMB-nin məlumatına görə, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.