Ukrayna tezliklə NATO və Avropa İttifaqına üzv ola bilər? - ŞƏRH

DÜNYA
16:14 / 22.06.2023
768

Ukraynanın NATO və Avropa İttifaqına üzv olmaq üçün çalışmaları davam etdirilir.

Son olaraq, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu barədə danışıb. O, bir daha Avropa İttifaqının Ukraynaya olan dəstəyindən söz açıb. Leyen bildirib ki, Ukrayna yalnız öz suverenliyi üçün deyil, həm də azadlıq və demokratiya üçün savaşır.

O, həmçinin Ukraynanın Avropa İttifaqının üzvü olacağını bəyan edib:

“Ukrayna qələbə qazanmalıdır və qazanacaq. Bizim də onlara dəstəyimiz davam edəcək. Üstəlik, bu dəstək sadəcə sülhün əldə olunmasına qədər deyil, Ukraynanın yenidən qurulmasına, habelə Avropa İttifaqının üzvü olan qədər davam edəcək. Bu gün Ukraynaya verdiyimiz mesaj budur ki, sizin arzunuz həm də bizim arzumuzdur. Ukrayna Avropa İttifaqının bir hissəsi olacağına heç bir şübhəm də yoxdur".

Maraqlıdır ki, mütəmadi şəkildə Ukraynanın NATO və Avropa İttifaqına üzv olacağı ilə bağlı bəyanatlar səsləndirilir. Bəs müharibə uzun müddət davam etsə, onu bitirmək üçün Ukrayna Avropa İttifaqı və ya NATO-ya üzv ola bilər? Ümumiyyətlə, Ukrayna müharibə bitmədən sözügedən təşkilatlara üzv ola bilər?

328662

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, bu, əslində çox mürəkkəb məsələdir:

"Belə anlaşılır ki, Ukraynaya istər Avropa İttifaqı, istərsə də NATO sıralarına daxil olmaq üçün ənənəvi prosedurlar yox, bu qurumlara daha tez qoşulmasına görə istisnalar və ya sürətli prosedurlar tətbiq olunacaq. Amma hər halda, müharibə qurtarmasa, bunun tam icra oluna bilməyəcəyi görünür. Yəni müharibə gedə-gedə bu məsələ həll oluna bilməz".

Politoloq vurğulayıb ki, Avropa İttifaqının rəsmiləri bu fikirdə qətiyyətli olduqlarını bildirmək istəyirlər:

"Demək istəyirlər ki, həm Ukrayna xalqı, həm də beynəlxalq ictimaiyyət bilsin ki, bütün dünya Ukrayna tərəfindədir və onları dəstəkləyirlər. Əslində həmin mesajların da məqsədi budur. İstəyirlər ki, hamının Ukraynanın qələbəsi üçün çalışdıqlarını göstərsinlər. Qeyd olunur ki, qələbədən sonra Ukrayna Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün heç bir maneə ilə qarşılaşmayacaq".

Pərviz

0