Niderlandda 4000 illik məbəd tapıldı

17:44 / 23.06.2023
406

Niderlandın Tiel qəsəbəsində aparılan qazıntı işləri zamanı 4000 il yaşı olduğu təxmin edilən məbəd üzə çıxarılıb.

HİT.az-ın məlumatına görə, Tiel Bələdiyyəsindən verilən yazılı açıqlamada arxeoloqların 2017-ci ildə sənaye bölgəsində başladıqları qazıntılar nəticəsində ölkənin mərkəzi hissəsində yerləşən qəsəbədə 4000 illik bir məbədin aşkar edildiyi bildirilib.

Açıqlamada, Niderlandın ən böyük arxeoloji araşdırmasının aparıldığı qazıntılar nəticəsində tapılan məbədin İngiltərədəki məşhur Stounhenge məbədini xatırlatdığı qeyd edilib.

Bildirilib ki, 4 futbol meydançası böyüklüyündə olan və 3 qəbiristanlığın yerləşdiyi məbəd daş dövrünün sonu və tunc dövrünün əvvəllərində inşa edilib.

Məbədin müxtəlif hissələrdən ibarət olduğu bildirilib və bunların günəş təqvimi, taxta kündələr, qəbiristanlıq və ibadət üçün istifadə edilən yollardan ibarət olduğu qeyd edilib.

Məbədin ən hündür təpəsinin günəş təqvimi kimi istifadə edildiyi və günəş şüalarının düşmə bucağı və çatdıqları nöqtələrə baxılaraq ilin hansı fəsli olduğunun müəyyənləşdirildiyi bildirilib.

Ən diqqətçəkən məqamın məbəddəki günəş təqvimi olduğu vurğulanaraq, burada yaşayan insanların ibadətlərini, biçin vaxtını və digər fəaliyyətlərini bu təqvimə əsasən təyin etdikləri deyilib.

Açıqlamada, 1 milyondan çox əşyanın olduğu xarabalıqlar arasında diqqət çəkən tapıntılardan birinin Mesopotamiyadan gəldiyi düşünülən şüşə muncuq olduğu vurğulanıb. Niderlandda tapılan ən qədim şüşə muncuq olan bu əşya məbəddəkilərin o dövrdə təxminən 5 min kilometr uzaqlıqdakı insanlarla təmasda olduqlarını göstərir.

Samir

0