Azərbaycana pul köçürmələri niyə azalıb? - AÇIQLAMA

İQTİSADİYYAT
16:40 / 24.06.2023
861

Bu il Azərbaycana xaricdən pul köçürmələri azalıb.

Belə ki, cari ilin ilk 5 ayında ölkəmizə xaricdən pul köçürmələrində təxminən 40% azalma qeydə alınıb. 

Maraqlıdır, buna səbəb nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, bu göstəricidə hər hansısa bir sürpriz yoxdur:

"Nəzərə almaq lazımdır ki, Azərbaycana ən çox pul köçürmələri Rusiya, Ukrayna və Türkiyədəndir. O cümlədən MDB ölkələrindən də pul köçürmələri olur, amma onlar həcm etibarilə Rusiya, Ukrayna və Türkiyədən olan köçürmələrin kölgəsində qalır. Hazırda Rusiya və Ukraynada olan vəziyyət bəllidir. O ölkələrdə yaşayan azərbaycanlılar zaman-zaman ailələrinə qazandıqları pullardan göndərirdilər. Amma hazırkı vəziyyətdə qazandıqları daha çox öz yaşayışları üçün kifayət edir. Əlbəttə ki, yenə də pul göndərənlər var, amma bunda azalmalar var. Bu isə həm statistikada görünür, həm də təbiidir". 

328856

Ekspert Türkiyədən də Azərbaycana pul köçürmələrinin azalmasının səbəblərinə toxunub:

"Türkiyədə inflyasiyanın olması, lirənin dəyərdən düşməsi, pul qazanmağın çətinləşməsi və yaşayışın bahalaşması nəticə etibarilə orada olan azərbaycanlıların da qazandıqlarını daha çox özlərinə xərcləməsini labüd edir. Yəni Türkiyədən də Azərbayacana pul köçürmələrinin azalması təbiidir. 

Düşünürəm ki, o səbəbdən də bu ilin ilk 5 ayında Azərbaycana xaricdən göndərilən pulların təxminən 40% azalması mövcud vəziyyət daxilində normaldır. Deməli, xaricdə olan soydaşlarımız mövcud çətinliklərə baxmayaraq, yenə də ailələrinə pul göndərməyə davam edirlər. Çünki sözün həqiqi mənasında bu 5 ay ərzində Azərbaycana pul göndərilən ölkələrdəki iqtisadi vəziyyətin yaxşı olmadığı görünür.

Çox təəsüf ki, Rusiya-Ukrayna müharibəsinin uzanması və vəziyyətin yaxşılaşmama ehtimalı yüksəkdir. Amma Türkiyə ilə bağlı bunu demək olmaz. Türkiyə faktiki olaraq yeni islahatlar dövrünə qədəm qoyub. Orta dövrdə çətinliklə üzləşsə də, əvvəl-axır bu vəziyyətdən çıxacaq. Rusiya və Ukraynada isə vəziyyət nisbətən qeyri-müəyyəndir".

Pərviz

0