Nazirlik sabiq deputatın bankını məhkəməyə verdi - TƏFƏRRÜAT

İQTİSADİYYAT
20:36 / 01.07.2023
448

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Cihazqayırma Zavodu” MMC "Muğanbank” ASC barəsində məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova tərəfindən baxılacaq. Sonuncu dəfə məhkəmə iclası bu ilin may ayının 31-də təyin olunub və təxirə salınıb. Növbəti məhkəmə iclası iyul ayının 26-na təyin edilib.

Qeyd edilir ki, məhkəmə iddiası bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrlə bağlı qaldırılıb.

Xatırladaq ki, "Bakı Cihazqayırma Zavodu” 1941-ci ildə "Azərneft” kombinatının tərkibində "Bakı Alət Zavodu” olaraq yaradılıb və 1942-ci ildən fəaliyyətə başlayıb.

1993-cü ildən "Bakı Cihazqayırma Zavodu” adı altında "Geofizcihaz” İB-nin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olub.

2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Məlumat üçün onu da qeyd edək ki, nizamnamə kapitalı 137,5 milyon manat olan "Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb.

Hazırda bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır. Daha əvvəl "Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.

Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.

Bu ilin əvvəlində "Muğanbank” ASC-nin səhmdarları aşağıdakı kimi olub:

Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. 
Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.

Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.

Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır.

Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçün profesordur.

0