Priqojinin üsyanı Ukraynadakı müharibəyə təsir edəcək? - ŞƏRH

DÜNYA
16:50 / 04.07.2023
935

“Sözsüz ki, Rusiyadakı “Vaqner” üsyanının Ukraynadakı müharibənin taleyinə heç bir təsiri yoxdur”.

Bu sözləri politoloq Rizvan Hüseynov HİT.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, “Vaqner” dəstələri cəbhədən çıxarılıb və Ukraynadakı döyüşlərdə iştirak etmirlər:

329299

“Yəni bu, Sürət Hüseynovun 1993-cü ildə etdiyi qiyama oxşamır. O dönəm ordu cəbhədən çıxmışdı və ermənilər gəlib ərazilərimizi işğal edirdi. Amma Rusiyada buna bənzər vəziyyət yoxdur. Nəzərə almaq lazımdır ki, neçə ay bundan öncə “Vaqner”çilər cəbhədəki döyüş bölgəsindən çıxarılıb. Deməli, bu, öncədən hazırlanan bir plan idi. Hesab edirəm ki, bu plan Rusiyanın daxili siyasi qruplarının çəkişməsidir. Ona görə də bu üsyanın Ukraynadakı müharibəyə birbaşa təsiri yoxdur və ola da bilməz”.

Lakin politoloq əlavə edib ki, Yevgeni Priqojinin qiyamının dolayı yolla olsa da, Rusiyanın daxili siyasətinə təsiri var və olacaq:

“Hətta bu təsir inkişaf edəcək. Çünki məsələ bu qiyamla bitmir və yəqin ki, ardı da olacaq. Rusiyanın daxilindəki bəzi siyasi qüvvələr öz aralarında hakimiyyət məsələlərini həll edirlər. Ona görə də vəziyyət belə getsə, Rusiyanın daxilində yaranan siyasi vəziyyət Ukrayna üçün əlverişli şərait yarada bilər. Həmçinin, bu, Ukraynanın əks-hücüm əməliyyatlarının xeyrinə də ola bilər”.

Pərviz

0