"Azərbaycanla İran arasındakı münasibətlərin tezliklə normallaşacağı real görünmür".
Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turan Rzayev deyib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin pisləşməsindən doğan səbəblər aradan qalxmayıb:
"Yəni İran tərəfi Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə bağlı istintaqın materiallarını şəffaf şəkildə Azərbaycana vermir. Bundan başqa, rəsmi Tehran Ermənistan və Zəngəzur dəhlizi ilə bağlı məsələdən də geri addım atmır. Bütün bu məsələlərin həll olunmayacağı təqdirdə, Azərbaycan-İran münasibətlərinin normallaşması bir qədər çətin görünür.
Ümumiyyətlə, Tehran hakimiyyəti hər zaman özünü Azərbaycandan üstün görüb. Əslində özünün üstün mövqedən çıxış etməsi problemlərin kökündə dayanan əsas səbəblərdən biridir. Hətta İran Azərbaycanın varlığından narahatdır. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq".
Lakin politoloq diqqətə çatdırıb ki, geosiyasi vəziyyət və regionda İranın təklənmə təhlükəsi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində də ümidləri artırır:
"Ancaq tərəflər arasındakı münasibətlərin bu tezlikdə normallaşacağını qətiyyən düşünmürəm. Ən azından, gərginlik nisbətən səngiyə və Tehrandakı səfirliyimizin yenidən açılması məsələsi gündəmə gələ bilər. Təbii ki, bütün bunların hamısı İran tərəfinin atacağı addımlardan asılı olacaq.
Əgər İran Azərbaycanı narahat edən məsələlərdə bunu aradan qaldıracaq cavablar versə və Zəngəzur dəhlizi ilə bağlı mövqeyində "qırmızı xətt" ifadəsindən imtiha etsə, təbii ki, onda münasibətlər normallaşar. Amma bunlar olmayacağı təqdirdə, münasibətilərin tezliklə normallaşması çətin görünür".
Pərviz