Gənclər niyə yaşlılara və xanımlara yer vermir?

MARAQLI
16:48 / 06.07.2023
876

Hər gün avtobusda və metroda gedərkən xoşagəlməz bir mənzərənin şahidi oluruq.

Təəssüf ki, bəzi gənclər yaşlılara və xanımlara yer vermirlər. Doğrudur, gənclərin böyük əksəriyyəti xanımlara, yaşlılara və uşaqlara dərhal yer verir. Bu, çox möhtəşəmdir. Ancaq əfsuslar olsun ki, gəncələrin bəziləri isə bunun tam əksini edir. Əyləşirlər və sanki heç kimi görmürlər. Yerlərindən qalxamamaq üçün isə etmədikləri hərəkət qalmır. Kimisi yalandan gözlərini yumur ki, guya yatıb, kimisi yol boyu başını telefonunun ekranından qaldırmır, kimisi isə heç kimə əhəmiyyət vermədən yanındakı şəxs ilə söhbət edir. Bu zaman hər kəs onu içində qınayır, ayaqüstə qalan yaşlılar isə gənclərin bu laqeydsizliyinə böyük təəssüf hissi ilə baxırlar. Çox nadir də olsa, bəzi hallarda bu gənclər kənardan kimlərinsə etirazı ilə qarşılaşdıqdan sonra ayağa qalxmağa məcbur olurlar. Əslində heç bir etiraz olmadan bu addımı atmaları gözəl olardı. 

Baxırsan ki, tam sağlam cavan oğlandır, üzündə saqqal, əlində son model telefon, özü də idmançı bədəninə sahibdir, di gəl ki, heç kim yer vermir. Bax, belə hörmətsizlik edəcəksənsə, o idmanın da, o bahalı stilin də heç bir məna kəsb etməz. Unutmayaq ki, idmanın özü hər zaman özündə hörməti ehtiva edir. Məşqçilər hər zaman idmançılarına rəqibə hörmət etməyi məsləhət görürlər. Amma özünü idmançı hesab edən bəzi sərnişinlər ata-anası yaşındakı insanlara yer verməyərək, özünü güclü zənn edir. Axı bu addımı atdıqdan sonra güclü olsan nə olar, dünya çempionu olsan nə olar?

Maraqlıdır, görəsən bu şəxslər başqalarının onların valideynlərinə yer verməyərək laqeyd davranmasına necə yanaşardılar? Yəqin ki, valideynlərinin, xanımlarının əyləşmələrini istəyərdilər. Bəs nə üçün başqalarının ata-anasına, xanımına qarşı belə kobudluq edirsiniz? İnsan özünə olunmasını istəmədiyi hərəkəti başqasına da etməməlidir. Ümumiyyətlə, ictimai nəqliyyatda hər kəs öz mədəniyyətini nümayiş etdirir. Əmin olun ki, əyləşdiyi yerdən qalxmayan və heç kimə yer verməyən gənclərlə bağlı kimsə yaxşı fikirdə olmaz. 

Əziz gənclər, siz özünüz də bir gün qocalacaqsınız, sizin də ailəniz olacaq. Ona görə gələcək nəsillərin sizə belə laqeyd yanaşmaması üçün özünüz də sizdən kiçiklərə indidən örnək olun. İnanın ki, 3-4 stansiya və ya dayanacaq ayaqüstə getsəniz, sizə heç nə olmaz. Lakin qarşınızdakı yaşlı şəxslər üçün bunu demək asan deyil.

Çox yox, sadəcə bir anlıq bunu düşünsəniz, belə hərəkətlərə yol verməzsiniz...

Pərviz

0