Bir neçə həftədir ki, müxtəlif yaş qrupuna aid insanlarda anidən hərarətin qalxması halı müşahidə edilir. Hərarət də ən aşağı 39 dərəcə olur.
Bunu bir çoxları günvurma, bəziləri isə yeni virus infeksiyası ilə əlaqələndirirlər. Son günlər daha çox rast gəlinən və insanlarda narahatlıq yaradan bu xəstəlik nə ilə əlaqəlidir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Sübhan Hacıyev son günlər yüksək hərarət səbəbindən həkimə müraciət edənlərin sayının çoxaldığını bildirib:
“Son günlər bu problemlə əlaqədar həkimə müraciət edənlərin sayı çoxalıb. Pasientlər anidən hərarətlərinin yüksəldiyini bildirirlər. Soyuqdəymələri olmadığı halda bədən temperaturu yüksəlir, 39-40 dərəcəyə çatır. Belə simptomlarla müraciət edən vətəndaşlar həkim müayinəsindən keçməlidirlər. Tam müayinədən sonra onlara dəqiq diaqnoz qoymaq mümkündür.
Hərarət 39 dərəcədən yüksək deyilsə, həyat üçün təhlükəli hesab olunmur. Bu, bir növ orqanizmin köməyə çağırış vasitəsidir. Orqanizmdə müdafiə hüceyrələri oyanaraq bakteriya ilə mübarizə aparır. Hərarət varsa, pasienti müayinə edib, infeksion prosesin hansı orqanda getdiyini aydınlaşdırmaq lazımdır. Tənəffüs, sidik, qarın boşluğu orqanlarında infeksion proses hərarəti artıra bilir”.
Terapevt rotavirusa yoluxanların da sayında artım müşahidə olunduğunu vurğulayıb:
“Son günlər dəniz mövsümündə bir çox insanlarda ishal və qusma müşahidə olunur. Araşdırma zamanı rotavirusa yoluxanların artdığını görürük. Bəzilərində isə heç bir simptom olmadan hərarət qalxır. Pasientləri müayinə etdikdə yuxarı tənəffüs yollarında virus infeksiyaları aşkarlayırıq.
Kəskin respirator virus infeksiyaları 72 saatdan çox davam etmir. Bakterial infeksiya ilə ağırlaşmasa ciddi müalicə də tələb etmir. Xəstələrə bol maye, C və D vitaminləri qəbul etməyi məsləhət görürük”.
S.Hacıyev günvurma ilə hərarət hallarının da artdığını əlavə edib:
“Hərarət artması heç vaxt yoluxucu olmur. Günəşin şüalarının aktiv saatları 11:00 və 17:00 aralığıdır. Günəşin ultrabənövşəyi şüaları baş beyinə təsir edərsə, günvurmaya gətirib çıxara bilə, baş-beyində qan dövranı pozular. Xüsusən xroniki xəstəliyi olan insanlarda bu, daha ciddi fəsadlar yarada bilər”.
İnfeksionist Mərdan Əliyev qeyd edib ki, yay aylarında ümumiyyətlə virus infeksiyaları müşahidə edilmir:
“Xəstəlik başqa şəxslərə keçmir. Yayılan xəstəlik virus infeksiyaları deyil. Virus infeksiyaları olarsa, yoluxma baş verər. Həm də yay aylarında virus infeksiyaları müşahidə edilmir. Yay aylarında bakterial infeksiyalar daha çox olur. Havalar isti keçir, tərləmə olur, insanlar soyuq su içir. Belə olan halda boğazda bakterial infeksiyalar üçün şərait yaranır”.
M. Əliyev qeyd edib ki, qısa müddət davam edən hərarət istivurmadan olur:
“Günvurmadan beyində dəyişiklik baş verir. Bu da yüksək hərarətə gətirib çıxarır. İstivurmalardan da hərarət yüksələ bilir. Hətta bu, huşun itməsi ilə nəticələnə bilər.
Bir-iki günlük hərarət istivurmadan olur. Bir çox hallarda bakterial infeksiyalar da ola bilər. Bruselyoz xəstəliyinə də rast gəlinə bilər. Xəstəlik heyvanlardan, pendirdən, çiy süddən keçir. Fərqləndirici xüsusiyyəti odur ki, uzun müddət qızdırma davam edir. Ayaq və oynaqda ağrılar müşahidə olunur”.