Rusiyanın “təhsil işğalı”: Bu Azərbaycana nə vəd edir?

ÖLKƏ
20:35 / 09.07.2023
665

Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində postsovet ölkələrdə Rusiya təhsil sistemi və təhsil proqramları üzrə, həmçinin Rusiyada hazırlanmış müəllimlərin tədris etməsi ilə fəaliyyət göstərən məktəblərin açılması nəzərdə tutulur. Rusiya rəsmiləri bildiriblər ki, belə məktəblər artıq Qazaxıstanda açılıb, Tacikistanda və Qırğızıstanda artıq açılmasına hazırlıq gedir, növbəti məktəblərin isə Azərbaycanda və Ermənistanda açılması nəzərdə tutulur. 

Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan orta məktəblərində tədrisin Rusiya təhsil sistemi və təhsil proqramına uyğun keçirilməsi mümkün deyil: 

"Azərbaycanda 4432 orta məktəb fəaliyyət göstərir. Onların da 340-da dərslər rus bölməsi üzrə keçirilir. Azərbaycan Konstitusiyası və "Təhsil haqqında" qanuna görə ölkə ərazisində istər rus, istərsə Azərbaycan dili bölməsi olsun, vahid tədris proqramından istifadə olunur. Yalnız təsisçilərin Pedoqoji Şurasının birbaşa qərarı əsasında tədris proqramının müəyyən faizi həmin ölkənin tədris proqramı əsasında keçirilə bilər. Məsələn, İstanbul Liseyi, Dəyanət Liseyində vəziyyət belədir. Onların ibtidai sinif proqramlarında həmçinin Türkiyənin tədris proqramı da tədris edilir. Amma əsas proqram Azərbaycanın proqramıdır. Hər hansı bir məktəbdə fərqli proqram üzrə tədris həyata keçirilsə, bu zaman onların biliklərinin yoxlanılması, qiymətləndirilməsi ölkəmizin vahid standartlarına uyğun olmayacaq. Azərbaycanda tamamilə rus təhsilinə keçməyə ehtiyac yoxdur. Bu, ölkəmizin qanunvericilik aktlarına ziddir”. 

Həmsöhbətimiz Rusiyanın bu addımında siyasi məqsədlər olduğunu bildirir: 

"Bu gün müasir dünyada yeni işğal metodlarından istifadə edirlər. Müasir dövrdə başqa dövlətləri işğal etmək istəyənlər onu özlərinin yüksək iqtisadiyyatı, təhsili və mədəniyyətilə işğal etməyə çalışırlar. Bu mənada Rusiyada yaxın qonşu ölkələrdə sözügedən məktəbləri açmaqla, gələcəkdə oranı bitirəcək şəxslərdən öz kadrları kimi istifadə etməyi düşünür. Bununla özləri kimi düşünən və yaxud onları müdafiə edəcək kontingentin formalaşdırılmasına çalışırlar. Azərbaycanda buna ehtiyac yoxdur. Azərbaycan öz təhsil sistemini qurub”. 

1