Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşının saxlanılması barədə xəbər vermişdik. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanı həbs edib.
Məlum olub ki, o, digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq üçün terror aktı törətməyi planlaşdırıb.
Favzan Musa Xanı Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
Faktla bağlı Favzan Musa Xan cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. DTX-nin İstintaq Baş İdarəsində onunla bağlı cinayət işi başlayıb. Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.
Yada salaq ki, 2021-ci ilin avqustunda Əfqanıstan İslam Respublikası süquta uğrayıb, prezident Əşrəf Qəni devrilib və hakimiyyətə Taliban hərəkatı gəlib. Taliban ölkəni Əfqanıstan İslam Əmirliyi adlandırır.
Əvvəlki illərdə Azərbaycana çox sayda əfqan vətəndaşı qaçqın olaraq gəlib və onların bir hissəsi üçüncü ölkələrə keçib. Bu qaçqınların bir hissəsi isə Azərbaycanda qalmaq üçün müraciət edib. 2021-ci ilin statistikasına görə, Azərbaycanda əfqan qaçqınları say etibarilə daha çoxdur.
Qeyd edək ki, Əfqanıstanın son aylar İranla münasibətlərində ciddi gərginlik müşahidə olunmaqdadır. Bu ilin may ayında Əfqanıstan Silahlı Qüvvələri ilə İran sərhədçiləri arasında toqquşma baş verib, hər iki tərəfdən ölənlər olub. Taliban hərəkatı bildirib ki, “liderlərimiz cihada icazə versə, tezliklə İranı fəth edəcəyik”. Taliban həmçinin “İran təxribatlarını dayandırmasa, Tehranı bir neçə günə ələ keçirəcəklərinə söz verib. O səbəbdən ilk ağıla gələn Əfqanıstan vətəndaşının hədəfində Bakıdakı İran səfirliyinin ola biləcəyi versiyası gəlir.
Əfqanıstanın 2670 km sərhədi olan Pakistanla da münasibətləri daima gərginliklə müşahidə olunub. Amerika ilə Əfqanıstanda hakimiyyətdə olan Taliban arasında da münasibətlər Amerika qoşunları bu ölkəni tərk etdikdən sonra gərginliklərlə müşahidə olunur.
İstənilən terror aktı, əlbəttə ki, lənətlənməlidir. Maraqlıdır ki, son illər ilk dəfədir ki, Əfqanıstan vətəndaşı terror cəhdinə görə həbs edilir.
Hazırda Azərbaycanda 30-dan çox xarici ölkənin səfirliyi fəaliyyət göstərir. Bu səfirliklər arasında yalnız bir neçəsinin özünəməxsus ərazi kompleksi mövcuddur. Böyük əksəriyyəti isə icarə əsasında götürülən binalarda yerləşir. Diplomatik korpusların əksəriyyəti “Caspian Plaza”da, bir qismi də İzmir küçəsindəki “Hyatt Regency” hotelində yerləşir. Hazırda Azərbaycanda ABŞ, Çin, Rusiya, Türkiyə səfirliklərinin inzibati binası var.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videodan da aydın olur ki, Favzan Musa Xan İzmir küçəsində müşahidə aparıb və elə oradaca ələ keçib. Hazırda həmin küçədə cəmi 2 dövlətin Azərbaycandakı səfirliyi fəaliyyətdədir: Yaponiya və İsrail.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Favzan Musa Xanın həbsi ilə bağlı yayılan məlumatdan da aydın olur ki, o, təkbaşına terror törətmək niyyətində olmayıb: “Belə görünür ki, həbsə alınan Favzan Musa Xan hansısa təşkilatın üzvüdür və həmin təşkilatın tapşırığını yerinə yetirir. Bu adamın həmin işi təkbaşına görməsi mümkün deyil”.
“O, hansı təşkilatın tapşırığını yerinə yetirə bilər” sualına ekspert “radikal dindar qruplardan İŞİD tör-töküntülərindən birinin ola bilər” cavabını verib.
Ekspert bildirib ki, bu gün radikal dini təşkilatlar ölkəmizi hədəfə almır deyə, belə qənaət formalaşır ki, bu hansısa bir dövlətin Azərbaycana qarşı münasibətindən doğan addım olub: “Bu gün Əfqanıstanla Azərbaycanın çox yaxşı münasibətləri var. Bu baxımdan, Favzan Musa Xanın vətəndaşı olduğu dövlətin maraqları çərçivəsində hərəkət etməsi istisnadır. Bu gün İranın Əfqanıstanda radikal dindarlarla müəyyən əlaqələri var və bu əlaqələr üzərindən Bakıda səfirliyə qarşı terror törədilməsinə təhriketmə mümkündür. Favzan Musa Xanın qarşısına qoyulan tapşırıq da bunu deyir - Azərbaycanda üçüncü bir ölkənin səfirliyinə bombalı hücumu baş tutardısa, həmin 3-cü ölkə ilə münasibətlərimiz pozula bilərdi. Bu olay təkcə insanlar arasında vahimə yaratmayacaqdı, həm də 3-cü dövlətlə münasibətlərimizə xələl gətirəcəkdi”.
İlham İsmayılın sözlərinə görə, belə terror aktlarını planlayanlar kiçik dövlətlər deyil: “Hətta İran səfirliyinin özünü də hədəf götürə bilərlər. Bu halda, İranla Azərbaycan münasibətləri daha da gərginləşə, pisləşə bilər. Amma ermənilərin də xətti ola bilər. Bu da istisna deyil. Bu addımı atmaqla Azərbaycanla Rusiya, Azərbaycanla ABŞ münasibətlərinin pozulmasına nail ola bilərlər. DTX-nin yaydığı məlumatda da deyilir ki, Favzan Musa Xanın qarşına qoyulan məqsəd səfirlikdə partlayış törətməklə beynəlxalq təşkilatların qərar qəbul olunmasına təsir göstərmək niyyəti olub”.
İlham İsmayılın sözlərinə görə, Favzan Musa Xanın Bakıda özünə dəstəkçilər tapması, erməni xəttini bir qədər arxa plana keçirir: “Ermənistanın burada Əfqanıstan vətəndaşı ilə əlaqəyə girəcək şəxsləri yoxdur. İranın isə kifayət qədər böyük agentura şəbəkəsi var və onlarla sövdələşə bilərlər. Hər halda, bunu istintaq müəyyən edəcək”.
İlham İsmayıl bildirib ki, terrorçunun Bakıda, İzmir küçəsində zərərsizləşdirilməsi, o küçədə 2 səfirliyin yerləşməsi müəyyən nəticələr çıxarmağa imkan verir: “Həmin küçədə 2 səfirlik yerləşib. Bunlardan biri Yaponiyadır, digəri isə İsraildir. Hədəf İsrail səfirliyi ola bilərdi. Xüsusən də İsraillə münasibətlərin korlanması beynəlxalq təşkilatlarda Azərbaycana qarşı mənfi münasibət yarada bilərdi. Belə akt baş tutsaydı, "1 güllə ilə iki quş vurmuş olacaqdılar" - həm İsrail vurulurdu, həm münasibətləri korlamaqla Azərbaycanı vurmuş olurdular. Ağlabatan versiya da məhz budur ki, İsraillə Azərbaycanın münasibətlərini korlamaq, digər beynəlxalq təşkilatları ölkəmizin əleyhinə yönəltmək üçün belə bir terror planı hazırlanıb".
İsrail mətbuatının məlumatına görə, saxlanılan Fəvzan Musa Xan İsrailin Bakıdakı səfirliyini izləyib: “Təhlükəsizlik xidmətlərinin yaydığı fotoşəkillərə görə, əfqan Fəvzan Musa Xan, bir sıra digər səfirliklərlə yanaşı, İsrailin Bakıdakı səfirliyinin yerləşdiyi "Hyatt Regency" hotel kompleksini izləyib. Təhlükəsizlik xidmətləri şübhəlinin müşahidəsinin əməliyyat görüntülərini də yayıb”.
İsrail mediası yazır: “Son aylarda terrorçu qruplar tərəfindən hazırlanan və Azərbaycandakı İsrail və yəhudi hədəflərinə yönələn bir neçə hücum cəhdinin üstü açılıb”.