Türkiyə tezliklə Avropa İttifaqına üzv ola bilər? - ŞƏRH

DÜNYA
15:00 / 13.07.2023
1008

"Düşünürəm ki, Türkiyənin Avropa İttifaqına daxil olması kifayət qədər çətin məsələdir".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Türkiyənin Avropa İttifaqına üzvlüyünü ABŞ, Böyük Britaniya, NATO və müəyyən ölkələr dəstəkləyir:

"Lakin Avropa İttifaqının əsas üzvləri olan Almaniya və Fransa isə Türkiyəni dəstəkləmir. Onlar, əvvəllər bunu bildirməsələr də, artıq bildirməyə başlayıblar. Ona görə də onların belə tezliklə buna icazə verəcəklərini düşünmürəm. Amma ən azından rəsmi Ankaraya bunun üçün NATO və ABŞ tərəfindən böyük dəstək var".

329870

Politoloq qeyd edib ki, Türkiyə Avropa İttifaqına üzv olmaqla xeyli güzəştlər əldə etməyə çalışır:

"Türkiyə Avropa İttifaqına üzv olmağa israr etməklə, öz vətəndaşları üçün sözügedən ittifaqın ölkələri ilə vizasız səyahət imkanı yaratmaq istəyir. Bunun nəticəsi isə əlbəttə ki, Türkiyə iqtisadiyyatına və türk gəncliyi üçün çox müsbət ola bilər. Fikrimcə, bu, Türkiyə iqtisadiyyatı üzərindəki yükü azalda, gənclərin işlə təmin olunmasında böyük rol oynaya və iqtisadi təkan verə bilər".


Turab Rzayev əlavə edib ki, rəsmi Ankara Avropa İttifaqı ilə Gömrük Birliyi sazişinə yenidən baxılmasını istəyir:

"Türkiyənin Avropa İttifaqı ilə sərbəst Gömrük Birliyi sazişi var. Amma pandemiya dövründə Avropa İttifaqı qanunvericiliyi sərtləşdiyinə görə Türkiyə bu güzəştlərin bəzilərindən məhrum olub. Ona görə də rəsmi Ankara yenidən Avropa İttifaqı ilə siyasi anlaşma əldə etməsə də, iqtisadi cəhətdən "açıq bazar" prinsiplərinin yenidən onun üçün şamil olunmasını istəyir. Həmçinin, Avropa İttifaqının bir üzvü kimi o bazarda iştirak etməyə çalışır. Düşünürəm ki, Türkiyə tezliklə Avropa İttifaqına üzv ola bilməsə də, onun Gömrük Birliyi sazişi və viza məsələlərində müəyyən güzəştlərdən istifadə etməyə nail ola bilər".

Pərviz

0