Bakıda iki iş adamı arasında "reklam davası": İşə polis qarışdı, məhkəmə qərar verdi

HADİSƏ
23:04 / 14.07.2023
519

Bakıda sahibkarlar arasında obyektin hasarına vurulan reklam löhvəsinə görə yaranan mübahisəyə məhkəmə son verib. 

Qaynarinfo-nun məlumatına görə, Xudayat adlı sahibkar Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103C ünvanda fəaliyyət göstərən "Metprof” MMC-nin direktorundan polisə şikayət edib.

Təxminən bir ay əvvəl Xudayət özünə məxsus obyektin hasarına reklam löhvəsi vurub. Bu isə "Metprof” MMC direktorunun xoşuna gəlməyib. O, bu barədə Xudayətin obyektini işlədən şəxsə iradını bildirib və həmin lövhəni hasarından söküb yerə qoyduqdan sonra "Metprof” MMC-nin  ofisinin içərisinə aparıb. 

Bundan sonra Xudayətin obyektini işlədən şəxslərlə "Metprof” MMC-nin işçiləri arasında dava düşüb. Xudayət bir neçə gün sonra yenidən "Metprof” MMC-nin hasarı ilə bitişik ərazidə obyektin hasarının yanında yenidən dəmir dirəklərə bitişik reklam löhvəsi qoyub. "Metprof” MMC-nin direktoru buna əsəbləşərək 3 ədəd dəmir dirəyi kəsib yerə qoyub. 

Xudayət bununla bağlı polisə şikayət verib və 1200 manat dəymiş ziyanı ödənilməsini "Metprof” MMC-nin direktorundan tələb edib. Polis baş vermiş hadisəyə görə protokol tərtib edərək, işi məhkəməyə göndərib. 

"Metprof” MMC-nin direktoru Xudayətin ona dəymiş ziyanı süni şəkildə şişirdərək, 1200 manat göstərdiyini bildirib. O, 3 dəmir dirəyi kəsməklə Xudayətə 50-60 manat maddi ziyan vurduğunu və buna görə 100 manat ödəməyə hazır olduğunu bəyan edib. 

Məhkəmənin qərarı ilə "Metprof” MMC-nin direktoru İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinub və dəymiş ziyanın bir misli miqdarında, yəni 1.200 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "Metprof” MMC-nin qanuni təmsilçisi Arif Şahbazov Əşrəf oğludur. 

Xatırladaq ki, "Metprof” MMC son 3 ildə "Bakı Metropoliteni" QSC-nin tenderlərinin qalibi olan şirkətdir. Şirkət müxtəlif obyektlərində sendviç panel tərkibli poleritan materialdan polimer örtüklü xüsusi konstruksiyalı mühafizə qapı və darvazalarının hazırlanıb quraşdırılması işlərinin satın alınmasına görə 27 milyon manatdan artıq vəsaiti dövlət büdcəsindən əldə edib.

0