Bayağı verilişlərin səbəbkarı biz özümük?

ÖLKƏ
16:22 / 24.07.2023
747

Təəssüf ki, efir məkanı bayağı verilişlərlə doludur.

Vətəndaşlar hər fütsətdə bundan narazı olduğunu dilə gətirsələr də, elə sözügedən verilişləri izləyən də məhz özləridir. Əgər bayağı verilişlər izlənməsə və reytinq almasa, əmin olun ki, sayları bu qədər çox olmazdı. Lakin əfsuslar olsun ki, tənqidi çox olan bu layihələrin izlənmə sayları da bir o qədər yüksəkdir. 

Gəlin etiraf edək ki, telekanallar bəzən intellektual və maraqlı layihələr də hazırlayırlar. Buna rəğmən, həmin layihələr digər kanallarda eyni saatda gedən şou və əyləncəli verilişlərlər qədər izlənilmir. Elə problem də burada başlayır. Yəni biz yayımlanmasını istədiyini dediyimiz layihələri deyil, tənqid etdiyimiz proqramları izləyirik. Kanal rəhbərləri də ən çox reytinqi hansı layihə alırsa, o layihəni davam etdirir və ya daha da artırır. Prinsipcə, bu, marketinq qaydasıdır. 

Unutmayaq ki, heç bir satıcı az satılan məhsulu bazara çıxarmaz. Görünür, layihə və kanal rəhbərləri də reklamdan qazanc əldə etmək üçün ən asan yolu seçərək, bayağı verilişlərlə efirləri doldururlar. Amma bu formada televiziyadan heç bir inkişaf gözləmək olmaz. Əslində, son illərdə telekanalların reytinqinin bu qədər aşağı düşməsi və vətəndaşların əksəriyyətinin sosial şəbəkələrə, eləcə də digital platformalara yönəlməsinin əsas səbəblərindən biri də budur.

Əgər vətəndaşlar efirdə görmək istəmədiklərini dedikləri bayağı verilişləri izləməsələr, sözügedən proqramların reytinqi kəskin düşər və telekanallar da fərqli formatlar barədə düşünərlər. Amma biz izlədiklərimizi dəyişmədiyimiz müddətdə telekanallardan yayım strategiyalarını dəyişməsini gözləmək də əbəsdir. Bizə daha yaxşı layihələrin təqdim olunmasını istəyiriksə, ilk növbədə izlədiklərimizi dəyişməliyik. Yəni hazırda bayağı verilişlərin efirlərdə bu qədər çox yayımlanmasının əsas səbibi də biz izləyicilərik...

Pərviz

0