Ukrayna gələn il NATO-ya üzv olacaq? - ŞƏRH

DÜNYA
15:01 / 25.07.2023
663

"Ukrayna 2024-cü ilin yayında alyansın sammitində NATO-ya qəbul ediləcəyini gözləyir".

Bu sözləri Ukraynanın müdafiə naziri Aleksiy Reznikov deyib.
 
O, buna baxmayaraq, Ukraynanın yalnız müharibə başa çatdıqdan sonra alyansa qoşula biləcəyini etiraf edib. Reznikov münaqişənin gələn yaya qədər bitəcəyinə ümid etdiyini bildirib. 

Ümumiyyətlə, belə bir ehtimal nə dərəcədə real görünür?

Bununla bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Ukrayna belə tezliklə NATO-ya üzv ola bilməz:

330583

"Çünki NATO mübahisəli əraziləri qəbul etmir. Ukraynanın müdafiə naziri Aleksiy Reznikov müharibənin gələn ilin yayına qədər bitəcəyini deyir. Amma müharibənin hansı şərtlərlə bitdiyini bilmək lazımdır. Əgər atəşkəs olacaqsa, NATO Ukraynanın üzvlüyün yenə də qəbul etməyəcək. Bununla yanaşı, müharibə iki tərəfin qarşılıqlı razılığı ilə birdəfəlik bitəcəksə, onda Ukraynanın NATO-ya qoşulmasının əhəmiyyəti qalmır. Bu, nəyi ehtiva edəcək və rəsmi Kiyevin nəyinə lazım olacaq? Yəni belə suallar da ortaya çıxa bilər".

Politoloq xatırladıb ki, Qərb Ukraynaya çox da optimist olmaması ilə bağlı xəbərdarlıq göndərib:

"Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirdi ki, Ukrayna göndərilən silahlara görə daha çox şükr etməlidir. Həmçinin, ABŞ-ın sabiq təhlükəsizlik katibi Con Bolton da açıq şəkildə dedi ki, Ukrayna NATO-ya üzvlüyünün qəbul olunmayacağını bilməlidir. O, bunu açıq şəkildə Kiyev adminstrasiyana demək lazım olduğunu vurğuladı. Ona görə də Ukrayananın alyansa üzv olması üçün xeyli vaxt lazım olacağını düşünürəm. Buna baxmayaraq, Ukraynaya hərbi yardımlar davam edəcək".

Pərviz

0