Azərbaycanda bu sahədə radikal dəyişikliklər olmalıdır (RƏYLƏR)

İQTİSADİYYAT
18:05 / 27.05.2020
2586

Koronavirusun bütün dünyada yaratdığı vəziyyət rəqəmsallaşmanın vacibliyini önə çəkib. Belə ki, istər dövlət orqanlarının, istərsə də özəl sektordakı xidmətlərin onlayn həyata keçirilməsinə tələbat birə on artıb. Bəs, Azərbaycanda dövlət və özəl qurumlarda rəqəmsallaşmanın səviyyəsi necədir?

FED.az-ın məlumatına görə, ALT qrupun təsisçisi və CEO-su Rəşad Mirzəyev bildirib ki, Azərbaycanda bank sahəsini və dövlət sektorunun bəzi qollarını çıxmaqla, lokal rəqəmsal transformasiya statusu çox da ürəkaçan deyil:

“Bunun başlıca səbəbi qurumlarda və şirkətlərdə proseslərin və sistemlərin insan faktoru üzərində qurulmasıdır və bu tərz korporativ idarəetmə adətən passiv dinamika ilə digital transformasiyaya doğru inkişaf edir”.

O vurğulayıb ki, digital transformasiya haqqında ən böyük mif onun bir başa informasiya texnologiaları ilə bağlı olmasıdır: “Bu səhv düşüncədir - İT bu strateji yolda sadəcə bir alətdir. Bu düşüncədə olan rəhbərlər avtomatik olaraq korporativ datanın təhlükəsizliyindən adətən çox narahat olurlar”.

Ekspert deyib ki, Azərbaycanda qeyri-neft gəlirlərinin daim artması üçün çox əhəmiyyətli addımlar atılır: “Bu yolu uğurla fəth etmiş 2 dövlətin uğur hekayəsinə baxsaq görərik ki, Estoniya və Rusiya Federasiyasının Tatarıstan Respublikası ilk öncə radikal dəyişiklikləri rəqəmsal dövlət idarəçiliyi üzərində qurub və bütün dəyişikliklərin nüvəsi sırf bu qərar olub. İndi Azərbaycanda bu istiqamətdə görülən işlərin elementlərini görmək olar, amma bunun kifayət olub olmadığını zaman göstərəcək”.

Ekspertin fikrincə, Azərbaycanda bank və fintech (Maliyyə və texnologiyanın bir-birinə inteqrasiyası) sektorlarında rəqəmsal keçid daha uğurlu tətbiq oluna bilər: “Bu iki istiqamətin inkişafı birbaşa həmin dövlətin digital transformasiya statusundan və banklar haqqında qanunlarından asılıdır. Müxtəlif virtual banklara və ya ödəniş platformalarına nəzər yetirsək görərik ki, onlar yuxarıda qeyd etdiyim 2 faktordan nə qədər asılıdırlar. Nəzərə alaq ki, Azərbaycanda bank sektoru çox professional komandalar tərəfindən idarə olunur və yeniliklərə daim açıqdır. Ona görə də bankçılığın və fintechin bu keçiddə ilk sıralarda yer alması zəruridir”.

"Dövlət vətəndaşları buna hazırlamalıdır"

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz isə məsələ ilə bağlı diqqətə çatdırıb ki, hazırkı pandemiya bütün dünyada və həmçinin Azərbaycanda rəqəmsallaşmanı sürətləndirəcək.

Onun sözlərinə görə, həm dövlət, həm ticarət, həm də xidmət sektorunda rəqəmsal, elektron xidmətlərə tələbat dəfələrlə artacaq:

"Dövlət vətəndaşları buna hazırlamalıdır. Azərbaycanda ötən ilin martında elektron hökumət quruculuğu ilə bağlı imzalanan sənəddə rəqəmsal hökumətə keçid terminindən istifadə olunub. Yəni ötən ildən etibarən dövlət sektorunda rəsmi olaraq rəqəmsallaşmaya start verilib. Müxtəlif dövlət qurumlarında rəqəmsallaşma ilə bağlı vəziyyət fərqlidir - bəzilərində start vəziyyəti yaxşıdır, bəzilərində isə yox".

O bildirib ki, pandemiya dövründə "ASAN Xidmət", İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi kimi qurumlarda rəqəmsallaşma səviyyəsinin yaxşı olduğu üzə çıxdı, əksinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barədə isə bunu demək olmaz: "Mərkəzi icra orqanları ilə yerli icra orqanları arasında rəqəmsal transformasiya səviyyəsi arasında böyük uçurum var. Yerli icra orqanları, təxminən, 25-40 xidmət göstərir, amma onların rəqəmsallaşma səviyyəsi sıfıra yaxındır. Ən adi sənədləri belə gedib mütləq idarələrdən almaq lazımdır”.

O.Gündüz dövlət sektorunda rəqəmsallaşmanın inteqrasiya olunmasındakı problemi də diqqətə çatdırıb: “Dövlət qurumlarının data bazaları inteqrasiya olunmayıb deyə eyni sənədi müxtəlif orqanlara yenidən təqdim etmək lazımdır”.

0