Rusiya NATO-ya rəğmən Polşaya hücum edəcək? - ŞƏRH

DÜNYA
15:51 / 26.07.2023
599

Son günlərdə Rusiya və Belarus liderləri Polşanı təhdid edib.

Öncə Rusiya Prezidenti Vladimir Putin  Polşanı hədəf alıb:

"İndiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu deyəsən unudublar. Amma eybi yoxdur, xatırladarıq".

Ardınca isə Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı "Vaqner"lə hədələyib:

"Vaqnerçilər bizə gərginlik yaşadır. Onların nəzərləri Qərbə tərəfə yönəlib. Mənə deyirlər ki, Varşava və Jevuş şəhərlərinə gəzməyə getmək istəyirik. Amma mən bunun qarşısını alıram".

Maraqlıdır, Rusiya və Belarusun hədələrinin məqsədi nədir? Ümumiyyətlə, Rusiya NATO-ya rəğmən Polşaya hücum edə bilər?

330670

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov deyib ki, istər Vladimir Putinin, istərsə də Aleksandr Lukaşenkonun Polşa ilə bağlı hədələri təbii ki, hədədən o tərəfə keçməyəcək:

"Çünki Polşa NATO ölkəsidir. Bu gün Ukrayna bataqlığında ilişib qalan Rusiyaya cəbhəni daha da genişləndirmək və NATO ilə birbaşa gərginlik yaratmaq heç bir halda Kreml üçün qəbuledilən deyil. Həm Putin, həm də Lukaşenko sadəcə olaraq blef edirlər".

Həmsöhbətimiz vurğulayıb ki, Lukaşenkonun birdən-birə "Vaqner"lə bağlı bu cür bəyanatla çıxış etməsi əslində başqa məqsəd daşıyır:

"Rusiya "Taxıl sazişi"ndən çıxdıqdan sonra Ukrayna taxılı faktiki olaraq, Polşa və Rumıniya üzərindən Avropaya daşınır. Belarus Prezidentinin bu bəyanatı da həmin taxılın qarşısının alınmasına yönəlib. Yəni Aleksandr Lukaşenko Rusiyanın diqtəsi ilə onu təlqin etməyə çalışır ki, bu gün Polşa ərazisi də təhlükəsizlik ərazi sayıla bilməz. Çünki o, istənilən zaman həmin ərazilərə müdaxilənin mümkün olduğunu deyir. Bunu isə birbaşa etməkdən çəkindikləri üçün beynəlxalq səviyyədə onsuz da terror təşkilatı kimi tanınan "Vaqner"in əli ilə etməyə çalışırlar".

Politoloq qeyd edib ki, bu gün "Vaqner"in Belarusda toplanması birbaşa Putin və Lukaşenko arasında əldə olunan razılaşma əsasında mümkün olub:

"Üstəlik, "Vaqner"in Belarusdakı hər addımı da izlənilir. Bu gün nə Rusiya Prezidentinin, nə də Belarusun rəsmi qurumlarının icazəsi olmadan onların hər hansısa istiqamətdə addım atmaları da mümkün deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya və Belarus prezidentlərinin Polşanı hədəf alan bəyanatları təhdiddən başqa bir şey deyil".

Pərviz

0